Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirovun təşəbbüsü ilə Microsoft Teams platforması üzərindən onlayn formatda təşkil ediləcək “Dəvətli professor” layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrində çalışan tanınmış professorlar və qabaqcıl müəllimlər fizika fakültəsinin tələbələrinə fizikanın müxtəlif bölmələrindən mühazirələr oxuyacaq.  

 

Universitetdən bildirilib ki, layihənin təşkilində əsas məqsəd ADPU və pedaqoji kadr hazırlığı ilə məşğul olan digər ali təhsil müəssisələri arasında inteqrasiyanın, əlaqələrin qurulması, təlim-tədris prosesinin keyfiyyətinin və əhatə dairəsinin genişləndirilməsinə xidmət edən bilik mübadiləsinin aparılmasıdır. Mühazirələr bakalavriat səviyyəsində təhsil alan tələbələrin fizika elminə dair fərqli aspektlərdə müxtəlif məzmunlu biliklər əldə etməsinə, elmi biliklərinin dərinləşməsinə və təkmilləşməsinə imkan yaratmaqla, gələcəkdə elmi-pedaqoji və pedaqoji kadr kimi formalaşmalarına təkan vermiş olacaq.  

 

“Dəvətli professor” layihəsi çərçivəsində ilk olaraq Bakı Dövlət Universitetində fəaliyyət göstərən professor-müəllim heyətinin mühazirələrinin təşkili nəzərdə tutulub. Mühazirələrdə universitetin fizika üzrə tanınmış alimləri Molekulyar fizika, Klassik mexanika, Optika, Bərk cisimlər fizikası və Kvant mexanikası fənlərindən aktual mövzularda müharizələr oxuyacaq.