Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının iclası keçirilib və rezidentura mərhələsində həkim-mütəxəssislərin hazırlanmasının vəziyyəti müzakirə edilib.

 

Rezidentura və magistratura şöbəsinin müdiri, professor Nailə Sultanova bildirib ki, hazırda  universitetdə  57 ixtisas üzrə I kursda -  194 , II kursda - 180,  III kursda - 138, IV  kursda - 68, V kursda - 29 olmaqla,  609  nəfər rezident təhsil alır ki, onlardan da 49  nəfəri əcnəbi vətəndaşlardır; 3 nəfər isə  ödənişli əsaslarla 2 - ci təhsil alan rezidentlərdir; 16 müxtəlif bazalara müqavilə yolu ilə 175 rezident təhkim olunub.

 

Şöbə müdiri deyib ki, Azərbaycanda rezidentura yolu ilə həkim-mütəxəssis hazırlığında təhsil müddəti 2 ildən 5 ilədək olmaqla, 57 ixtisas üzrə aparılır. 2020 –ci ildə isə rezidentura hazırlığına 18 ixtisas əlavə edilib. Ali təhsilin magistratura səviyyəsi  üzrə təhsil pilləsinə 2020 -ci ildən etibarən 2 yeni ixtisas- Səhiyyə menecmeni və Klinik  psixologiya ixtisasları əlavə olunmaqla, 7 ixtisas üzrə qəbul aparılıb. Magistraturanın I kursunda -35, II kursunda -13 nəfər olmaqla 48 magistrant təhsil alır.

 

N.Sultanovanın sözlərinə görə, rezidentlərin kliniki hazırlığını yaxşılaşdırmaq və müasir tələblər səviyyəsinə çatdırmaq üçün klinikalarda və laboratoriyalarda rezidentlər üçün lazımı şərait yaratmaq, onların xəstələrin müayinəsi, diaqnostikası və müalicəsi prosesində yaxından iştirak etmələri, müasir protokollarla tanış olmaları  üçün  kuratorlar, kafedra və şöbə müdirləri, eləcə  də klinika rəhbərləri daimi olaraq  diqqət göstərməlidirlər.

 

Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminə uyğun olaraq  rezidentlərin iş rejimində də bəzi dəyişikliklərin olduğunu söyləyən N.Sultanova deyib ki, COVID -19-la mübarizə planında ATU-ya təhkim olunmuş, ixtisasından və kursundan asılı  olmayaraq bütün rezidentlərin  həm ambulator, həm də stasionar istiqamətdə  çox aktiv iş planı ilə işləməsi, bu mübarizədə fəal iştirak etməsi onların həkimlik praktikasında da çox böyük  təcrübi biliklərin əldə edilməsinə səbəb olub. Bununla yanaşı, İkinci Qarabağ müharibəsi zamanı qazılərə göstərilən tibbi xidmətlərdə də rezidentlərin  zəhməti danılmazdır.

 

Onun sözlərinə görə, rezidentlərin mükəmməl təkmilləşmələri və klinik bacarıqlarını daha da artırmaq məqsədi ilə 2013-cü ildən başlayaraq, ATU ilə xarici ölkə üniversitetləri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında rezidentlərin  xaricdə rotasiyaları təşkil olunur.  2019- cu ildən indiyədək  ABŞ- da 2, Türkiyədə - 145, Almaniyada - 30, İtaliyada-1, İngiltərədə-1, Avstriyada -1 nəfər olmaqla rezidentlər rotasiyaya göndərilib və bu iş hazırda da uğurla davam etdirilir.

 

Rezidentura təhsilində dövrü və yekun attestasiya imtahanlarından da bəhs edən şöbə müdiri söyləyib ki, imtahanlar rezidentura təhsilinin məzmunu və təşkili qaydalarına uyğun aparılıb:“Yekun attestasiyada  Səhiyyə Nazirliyinin əməkdaşları həm test mərhələsində, həm də ΙΙ mərhələ sayılan klinik bacarıq imtahanlarının təşkili və keçirilməsində iştirak ediblər. Yekun  imtahanda  iştirakı nəzərdə tutulan 344  rezidentdən 14 nəfəri imtahana gəlməyib, 330 rezidentdən 33 nəfər kəsilib, 297 nəfər isə ΙΙ  mərhələyə buraxılıb. ΙΙ- ci mərhələdə 297  nəfər iştirak edib və 296 nəfər imtahandan kecib, 1 nəfər isə kəsilib”.

 

Universitetin rektoru, professor Gəray Gəraybəyli müzakirə olunan məsələlərə münasibət bildirib:”Rezidentura təhsili tibb təhsilinin vacib tərkib hissəsi olmaqla yanaşı, yenə də təkmilləşməlidir.  Rezidenturada bu və digər ixtisaslar üzrə proqramlar yenilənməlidir. Bu proses pandemiyadan əvvəlki dövrdə başlayıb . Bir neçə ixtisaslar üzrə proqramlar hazırlanıb  və beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Qalan ixtisasalar üzrə də proqramların təkmilləşdirilməsi vacibdir. O proqramlarda rezidentlərin, ilk növbədə praktik vərdişlərə yönəldilməsini və onların elmi fəaliyyətə istiqamətləndirilməsini vacib hesab edirəm. Bazalar haqqında danışdıqda,  ilk növbədə rezidentlərin təhsili nəzərdə tutulur. Amma 3 ildir ki, istər dövlət, istərsə də özəl klinikalarla müqavilə bağlayıb onlardan da baza kimi istifadə edirik. Məmnunam ki, bu günkü epidemioloji vəziyyətə baxmayaraq, qaydalara riayət etmək şərti ilə rezidentlərin imtahanlarını apara bildik. Hesab edirəm ki, şöbənin  fəaliyyəti yetərincədir və ümumilikdə rezidentura təhsili irəli gedir”.