On bir ayın sultanı Ramazan həm də savab, xeyirxah əməllər ayıdır. Bu ənənəyə sadiq qalan Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor Natiq İbrahimov, sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent Kamran Kazımov LDU-nun  iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu, 44 günlük Vətən savaşında qəhrəmanlıqla şəhid olan Cavanşir Həmidovun  Lerik rayonunun Çayrud kəndində yaşayan ailəsini ziyarət ediblər. Şəhid məzunun ailə üzvləri, doğmaları ilə görüşən N.İbrahimov şəhidin ruhuna rəhmət, valideynlərinə isə Allahdan səbr diləyib, belə igid oğulların bütün Azərbaycanın fəxri olduqlarını, xatirələrinin daima yaddaşlarda yaşayacağını bildirib.

 

Şəhidin adını daşıyan Ev muzeyi ilə tanışlıqdan sonra Cavanşir Həmidovun Çayrud  kəndindəki  məzarı ziyarət olunub. Şəhidin atası Namiq Həmidov oğlunun xatirəsini yad etdiklərinə görə universitet rəsmilərinə ailə üzvləri adından minnətdarlığını bildirib. Şəhid atası onunla eyni ağrını yaşayan prorektor Kamran Kazımova oğlu Vüsalın şəhid olmasına görə də başsağlığı verib, vətənə dar gündə sipər olan oğullarla qürur duyduqlarını dilə gətirib.