Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən "Heydər Əliyev gənclər siyasətinin banisidir" mövzusunda dəyirmi masa keçirilib.

 

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev ölkəmizdə gənclər siyasətinin təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycan gənclərinin daima dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib.  Onun sözlərinə görə,  1996-cı il fevralın 2-də Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Azərbaycan gənclərinin Birinci Forumu ölkəmizdə gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdu:”Müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, 1997-ci ildə Ulu öndərin təşəbbüsü ilə 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, müvafiq dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" Fərman və genişmiqyaslı fəaliyyət proqramının təsdiq edilməsi ölkə gənclərinə göstərilən xüsusi qayğının təzahürü idi”.

 

Ə.Ağamirzəyev qeyd edib  ki,  Prezident  İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti həm mahiyyət, həm də keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Bu siyasət gənc nəslin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

 

Daha sonra Milli Məclisin üzvləri- Ramin Məmmədov, Elnur Allahverdiyev, “İki sahil” qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə,  BDU-nun geologiya fakültəsinin müəllimi Ələkbər Mirzəyev çıxış ediblər. Çıxışlarda  dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, onların mənəvi inkişafı,  vətənpərvərlik ruhunda tərbiyəsi, təhsili, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şəraitdən bəhs olunub.