Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, yeni akademik mühitin yaradılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini verməkdədir.

 

Təhsil sahəsində aparılan islahatlar Gəncə Dövlət Universitetindən (GDU) də yan keçməyib, idarəetmənin optimallaşdırılması sahəsində müsbət addımlar atılaraq bəzi qurumlar ləğv edilib, bəzilərinin adı dəyişdirilib və müasir idarəetmə sisteminin qurulması üçün yeni qurumlar formalaşdırılıb.

 

Ali məktəbdən bildirilib ki, universitetdə aparılan islahatlar bütün sahələri əhatə etmədiyinə görə bir sıra struktur dəyişiklikliyinin aparılması zərurəti yaranıb. İslahat aparılmayan strukturlardan biri də Tədris şöbəsi və Tədris-elektron Mərkəzi idi. Qeyd edilən strukturların işinin müasir tələblər səviyyəsində qurulması və idarəetmədə optimallığın artırılması məqsədilə universitetin Elmi Şurasının qərarı ilə Tədris şöbəsi və Tədris-elektron Mərkəzinin birləşdirilməsi yolu ilə Tədris Departamenti yaradılıb. Tədris Departamentinin tərkibində iki sektor-Tədrisin təşkili və idarə olunması, həmçinin Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorları formalaşdırılıb.

 

Tədris şöbəsi və Tədris-elektron Mərkəzinin işçiləri tutduqları ştatlarla birlikdə Tədris Departamenti sektorlarının işçiləri hesab edilib.