Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında Heydər Əliyevin rolu” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyin qorunması və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, 1993-cü ilin iyun ayında Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün oldu.

 

Rektor Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu daim artan dövlətə çevrildiyini, yeni iqtisadi uğurlara imza atdığını söyləyib.

 

“Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz onda idi ki, o, fəaliyyəti boyu bütün sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intellektual təbəqənin formalaşmasına çalışmışdır. “Təhsil millətin gələciyidir”- deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulamışdır. Ulu öndərin universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir”-deyə E.Babayev vurğulayıb.

 

Konfransda çıxış edən baş nazirin müavini, BDU-nun Politologiya və sosiologiya kafedrasının müdiri, professor Əli Əhmədov görkəmli siyasi xadim Heydər Əliyevin dövlət quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib.  Natiq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi ilə bağlı fikirləri, ideyaları onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Daha sonra Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının beynəlxalq əlaqələr komitəsinin sədri, professor Aleksandr Mereşko, Ukrayna Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk, Milli Məclisin üzvü, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, Ukrayna Vergi Xidməti Milli Universitetinin professoru Leonid Timçenko, Türkiyə Kastamonu Universitetinin Bilgi və belge yönetimi bölümünün dekan yardımcısı, dosent Güler Demir, Əl-Fərabi adına Qazaхıstan Milli Universitetinin professoru Aron Salimqerey və digərləri böyük siyasi xadim Heydər Əliyevlə bağlı düşüncələrini bölüşüblər. 

 

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.