İmişli rayonunun Hacırüstəmli kənd tam orta məktəbində Vətən müharibəsi şəhidi Asim Abbasovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.  Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Dərgah Mehdiyev tədbiri  giriş sözü ilə açaraq görüşün mahiyyəti və Vətən müharibəsində Şanlı Ordumuzun qazandığı qələbədən danışıb. 

 

Tədbirdə iştirak edən şəhidin döyüş yoldaşları Vüqar Səfərov, Əmrah Əliyev, İlham Mənsimov, Azad Abdullayev, Mehbalı Sadıqov, Orxan Əhmədov, Tərlan Məmmədov, Tacəddin Abdullayev, Elvin Soltanlı Asimin şərəfli döyüş yoluna nəzər salıblar.

 

Azərbaycan Ordusunun çavuşu  Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. O,  sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Prezident İlham Əliyevin Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Tədbirdə Vətən müharibəsinin iştirakçısı olmuş kənd sakinləri Oruc Allahyarov, Şəmsi Dadaşov, İlkin Məmmədov, Rəsul Süleymanov “Qara Qartal” ləqəbli Asim Abbasovun həyat yolundan danışaraq  şəhidin oxuduğu sinfə onun adının verilməsi təşəbbüsünü irəli sürüblər.

 

Şəhidin anası Nuridə Abbasova  göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 

Şakir CƏFƏROV