Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistr və doktorantlar üçün “İnnovasiya və sahibkarlıq” və “Müdafiə sənayesi, innovasiya və sahibkarlıq” mövzularında təlimlər başlayıb.

 

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə KOB Tədqiqat və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirlən təlimlər Türkiyədə innovasiya və sahibkarlıq istiqamətində fəaliyyət göstərən Binovative A.Ş. şirkətinin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində baş tutub.

 

Binovative A.Ş. şirkətinin qurucuları Türkiyədə müxtəlif qurumlarda sahibkarlıq ekosisteminin idarəediciləri, KOBİ, startap və açıq innovasiya yönümlü müxtəlif qurumlarda mentorluq və idarəçilik etmiş şəxslərdir.

 

UNEC-dən bildirilib ki, təlimlərin məqsədi magistr və doktorantların tədqiqat potensialının inkişaf etdirilməsi, əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılması üçün onlara yeni və innovativ bilik və bacarıqların qazandırılmasıdır.

 

Türkiyənin 4 universitetinin iştirakı ilə təşkil olunan təlimlər 14 müxtəlif mövzunu əhatə edir. Təlimlər ödənişsizdir və  təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.

 

Təlimlər 1 iyula kimi davam edəcək.