Ən yüksək nəticəni 297.1 bal toplayan Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu göstərib


Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 22-23 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahan nəticələri saat 16:05-dən etibarən qurumun  saytına yerləşdirilib.

 

İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

 

Şagirdlərin imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmələri mümkündür.

 

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

 

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı DİM-in mütəxəssisləri tərəfindən hazırlanıb.

 

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə buradan tanış ola bilərsiniz.

 

İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 297.1 bal toplayan Beyləqan rayonu, Yuxarı Aran kənd orta məktəbinin məzunu göstərib.

 

Qurumdan o da bildirilib ki,  29-30 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri isə 10 gün ərzində elan olunacaq.