Gömrük orqanlarının vəzifəli şəxslərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Akademiyasının və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrük işi sahəsində aşkar edilmiş cinayətlərin rəsmiləşdirilməsi xüsusiyyətləri və bu növ cinayətlər üzrə ibtidai araşdırma aparılmasının aktual aspektləri” mövzusunda birgə təlimlər başlayıb.

 

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov yaranmış səmərəli və işgüzar münasibətlər, ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırki birgə təlimlərə prokurorluğun və gömrük orqanlarının peşəkar, təcrübəli əməkdaşları təlimçi qismində cəlb edilib və bu tədbir gömrük orqanlarının təhqiqat, əməliyyat-axtarış fəaliyyəti sahəsində xidmət aparan əməkdaşları üçün peşə hazırlığının daha da yüksəldilməsi istiqamətində faydalı olacaq.

 

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov hər iki qurumun əməkdaşlarının peşəkar hazırlığının vacibliyini qeyd edərək, akademiyada bacarıqların aşılanmasına və formalaşmasına xidmət edən təlimlərin təşkil olunduğunu deyib. Dövlət Gömrük Komitəsi və Baş Prokurorluq arasındakı əməkdaşlıqdan söz açan Q.Novruzov iki qurumun çox faydalı və səmərəli əməkdaşlıq platformasının qurulduğunu bildirib, gələcəkdə həm birgə təlim məzmununun hazırlanması, həm də təlim prosesinin səmərəli həyata keçirilməsi ilə bağlı uğurlu əməkdaşlıq formatı qurulacağına ümid etdiyini vurğulayıb.

 

Qeyd edək ki, təlimlərə cəlb olunan əməkdaşlara dərslər müəyyən edilmiş onlayn platforma üzərindən müvafiq cədvəl üzrə keçirilir. Tədris proqramı Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Gömrük Akademiyası tərəfindən birgə hazırlanıb.

 

Təlimlər “Əməliyyat-axtarış tədbirləri və metodları, onların elmi-nəzəri, hüquqi əsasları, praktiki məsələləri və bəzi problemləri”, “Aşkar edilmiş hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadəyə dair qanunvericilikdən irəli gələn tələblər”, “Əməliyyat-axtarış tədbirlərinin təşkili və keçirilməsi ilə bağlı sənədlər, onlara verilən tələblər və nəticələrinin sənədləşdirilməsi”, “Aşkar edilmiş hüquqpozma faktları üzrə videoçəkilişdən istifadə metodikası” “Əməliyyat-axtarış tədbirlərinin nəticələrinin cinayət mühakimə icraatında və digər istiqamətlərdə istifadə edilməsi” və digər mövzuları əhatə edən mühazirələr, mühazirə-təqdimatlar, praktiki məşğələlərdən ibarətdir.