Cəlilabad Rayon Təhsil Şöbəsinin (RTŞ) təşkilatçılığı ilə Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbdə Vətən müharibəsində iştirak edən müəllimlərə həsr olunan "Düşmənə dərs keçən qalib müəllimlərimiz" adlı tədbir keçirilib.

 

Tədbirdə Cəlilabad RTŞ-nin müdiri Qərənfil Əhmədova, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, Veteranlar Şurasının sədri Maşallah Əliyev, 2-ci Qarabağ müharibəsinin iştirakçısı, Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, baş-leytenant Firuz Mehtiyev, Komanlı kənd tam orta məktəbin müəllimi Adil Nəzərov və şəhid müəllim Tural Rəhimovun atası Arif Rəhimov çıxış ediblər.

 

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Vətən müharibəsində iştirak edən müəllimlərə həsr olunmuş kompozisiya nümayiş etdiriblər.

 

Sonra Kazımabad kənd uşaq bağçasının fidanları şəhid müəllim Tural Rəhimova həsr edilən "Cəlilabadın şəhid müəllimi" kompozisiyasını göstəriblər.

 

Tədbirdə, həmçinin şagirdlər qazilərimizi və Vətən müharibəsi iştirakçılarını üzərində Xarıbülbül əks olunmuş döş nişanları ilə təbrik ediblər.

 

Tədbir Cəlilabad İncəsənət məktəbinin musiqi kollektivinin müşayiəti ilə Ocaqlı kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi İsmayıl İmanovun ifasında “Xudayar təsnifi” və “Qarabağ şikəstəsi” ilə yekunlaşıb.