Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə Cümhuriyyətinin İqtisadi  İnkişaf  və Sosial Araşdırmalar İnstitutu (İKSAD) ilə birgə ADPU-nun 100 illik yubileyinə həsr olunmuş  “Elm və təhsildə innovativ texnologiyalar” III Beynəlxalq simpoziumu keçirilib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov dövlətin və cəmiyyətin inkişafında elmin, təhsilin  xüsusi rolundan,  beynəlxalq elmi simpoziumun əhəmiyyətindən bəhs edib.

    

Müasir dövrün çağırışlarının elmi araşdırmaların dərinləşdirilməsini, bu sahədə beynəlxalq əlaqələrin inkişaf etdirilməsini, təcrübə mübadiləsinin gücləndirilməsini zəruri vəzifə kimi irəli sürdüyünü bildirən rektor İKSAD ilə ilk dəfə birgə təşkil olunan elmi simpoziumun Türkiyənin elm və təhsil qurumları ilə ADPU arasındakı əlaqələrdə yeni səhifə açdığını qeyd edib.

 

Simpoziumda Azərbaycan və Türkiyə alimləri ilə yanaşı, bir sıra başqa ölkələrin də elm nümayəndələrinin iştirak etməsinə diqqət çəkən C.Cəfərov  bu beynəlxalq tədbirin ADPU-nun 100 illik yubileyinə böyük töhfə olmaqla bərabər, həm də gələcək elmi əməkdaşlığa, növbəti elmi araşdırmalara əlavə təkan verəcəyinə əminliyini bildirib.

 

İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri, doktor Mustafa Latif  Emek Azərbaycan ilə Türkiyə arasında dostluq əlaqələrinin inkişafının əhəmiyyətini qeyd edərək, elmi əməkdaşlığın  genişlənməsində ADPU ilə birgə fəaliyyətdən məmnunluğunu söyləyib, bu sahədə münasibətlərin davamlılığının təmin olunması üçün gələcəkdə də birgə tədbirlərin həyata keçiriləcəyini diqqətə  çatdırıb.

        

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov simpoziumun mövzusunun elmi aktuallığını, 100 illik yubileyi qeyd olunacaq ADPU-nun elmin inkişafında və pedaqoji kadrların hazırlanmasında  rolunu qeyd edərək, İKSAD ilə əməkdaşlığın elmi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

       

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova elmi müzakirələrin beynəlxalq səviyyədə keçirilməsinin və İKSAD ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini bildirib.

 

 ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin müdiri, dosent Ərəstun Mehdiyev simpoziumun beynəlxalq statusa malik olaraq elmi müzakirələr üçün vacib platforma kimi əhəmiyyətini qeyd edib. 

       

Sonra simpozium öz işini bölmələr üzrə davam etdirib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Əlcəzair, Mərakeş, Nigeriya, Filippin və başqa ölkələrdən təqdim olunmuş mövzular üzrə elmi məruzələr dinlənilib və müzakirələr aparılıb.