WorldSkills Azerbaijan platforması tərəfindən 14-25 yaşlı yaradıcı gənclər arasında elan edilmiş “Fantaziyanı biç, çantaya çevir” müsabiqəsi üzrə əl işlərinin təhvili prosesi artıq başa çatıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, müsabiqə çərçivəsində qeydiyyatdan keçmiş 60-a yaxın iştirakçı hazırladığı eko çantaları təşkilatçılara təqdim edib.

     

Növbəti günlərdə əl işlərinin iki mərhələli qiymətləndirilməsi prosesi başlayacaq. 28-30 may tarixlərində həyata keçiriləcək I mərhələdə, WorldSkills Azerbaijan platformasının Facebook səhifəsi üzərindən anonim qaydada açıq səsvermə kampaniyası baş tutacaq. II mərhələ zamanı isə peşəkar münsiflər heyəti 6 meyar üzrə əl işlərini qiymətləndirəcək.

 

Qeyd edək ki, I mərhələ müvafiq olaraq ümumi qiymətləndirmənin 25%-ni, II mərhələ isə 75%-ni təşkil edəcək.

       

Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.