Azərbaycan Dillər Universitetində (ADU) “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda  dəyirmi masa keçirilib.

 

Universitetin  rektoru,  akademik  Kamal Abdulla  Arye Qut haqqında çıxış edərək bildirib ki, onunla əməkdaşlıq və dostluq əlaqələri uzun illər əvvəl başlayıb:”Arye Qut Azərbaycandan getsə də, azərbaycanlı olaraq qalıb, ölkəmizlə əlaqələrini  kəsməyib. Həmişə Azərbaycana olan məhəbbətini qoruyub və bunu ətrafındakı insanlara da aşılayıb. O, bizim xaricdə yaşayan dostlarımızdan ən fəalıdır. Arye İsraildən buraya soydaşları ilə gəlir və Azərbaycanı onlara da sevdirə bilir, dostlarımızın sayını artırır. Xaricdə təşkil olunan ən mötəbər tədbirlərdə Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır, ən nüfuzlu media orqanlarında dəyərli məqalələrlə çıxış edir”.

 

K.Abdulla əlavə edib ki, Arye Qutun Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazılmış 700-dən artıq məqaləsi müəllim və tələbələr tərəfindən araşdırılır və öyrənilir.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva  Arye Qut haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Arye Qut Azərbaycanın haqq səsini təkcə İsraildə deyil,  məqalələrində, iştirak etdiyi konfranslarda, tədbirlərdə bütün dünyaya çatdırır: “Biz onu Azərbaycan həqiqətlərinin təbliğində könüllü səfir kimi görürük”.

 

İsrailin Azərbaycandakı səfirinin birinci müavini Doron Peer Arye Qutun İsrail və Azərbaycan  arasında siyasi, iqtisadi münasibətlərin qurulması, inkişafındakı uğurlu xidmətlərindən danışıb, bu münasibətlərin bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyinə ümid bəslədiyini  söyləyib.

 

Azərbaycanda Dağ yəhudiləri dini  icmasının sədri  Milix Yevdayev  Arye Qut haqqında düşüncələrini bölüşüb. O, Arye Qutu İsraildə Azərbaycanın elçisi kimi dəyərləndirib, onun Azərbaycanla bağlı gördüyü işləri yüksək qiymətləndirib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru  Rəvan Həsənov Arye Qut ilə həm əməkdaşlıq, həm də dostluq etdiyini bildirib: “Arye Qut Azərbaycan multikulturalizm modelini dünyaya təqdim edir. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib, Heydər Əliyev Fondu tərəfindən bir çox layihələr həyata keçirib. Arye Qut 2016-cı ildən BBMM-in İsraildəki nümayəndəsidir. Mərkəzin yay və qış məktəblərində maraqlı ustad dərslərini apararaq, iştirakçılara Azərbaycanı sevdirir”.

 

Tədbir iştirakçılarına minnətdarlığını bildirən Arye Qut öz işini sevdiyini və bu işdən böyük məmnunluq hissi duyduğunu söyləyib: “Mən həmişə demişəm, yenə də deyirəm, Azərbaycan xalqının dostu yox, oğluyam. Gördüyüm işləri  yalnız və yalnız Azərbaycan naminə edirəm. Azərbaycan sözdə deyil, fakt olaraq multikultural ölkədir. İsrail üçün Azərbaycan Cənubi Qafqazda strateji ölkədir. Burada mənim dostlarım çoxdur. Dostlar çox olan yerdə insan güclü olur. “Fəxri professor” adına görə təşəkkür edirəm. Mənim uğurum mənim dostlarımın uğurundan asılıdır.”

 

Qeyd edək ki, tədbir Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva, İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin müdiri Emiliya Xuduyevanın təşkilatçılığı ilə  iki dildə təşkil olunub.