Mayın 25-də Türkiyənin Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin rektorları arasında “Türkiyə-Azərbaycan arasında təhsil əməkdaşlığı” mövzusunda görüş keçirilib.

 

Tədbiri açan təhsil nazirinin müavini Firudin Qurbanov öncə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından ölkəmizdə səfərdə olan qardaş Türkiyənin Qazi Universitetinin nümayəndə heyətini ürəkdən salamlayıb, dərin hörmət və ehtiramını bildirib.

 

“Mühəndis kadrların hazırlığında Türkiyə-Azərbaycan universitetlərinin əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edən F.Qurbanov qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ciddi əsaslara malikdir. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə əsaslı təmələ sahib olan tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir.

 

Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir.

 

Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.

 

Təhsil nazirinin müavini xüsusilə qeyd edib ki, dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz rolları var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin, Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Qələbəni qeyd etdiyimiz günlərdə paytaxtımızda və ölkənin bütün bölgələrində bayraqlarımız ölkələrimizin varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdırdı.

 

Nazir müavini bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Müasir dövrin tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksək ixtisaslı kadr hazırlığı məqsədilə  xarici, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri  ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin fəaliyyətinin prioritet istiqamələri kimi müəyyənləşdirilmişdir.

 

F.Qurbanov bildirib ki, 2018-ci ildə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının icra istiqamətlərinə yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir.

 

Dövlət Proqramı çərçivəsində təsis edilməsi nəzərdə tutulan 5 beynəlxalq ikili diplom proqramından 3-ü (ADPU-CVU-Təhsil ixtisası, ADA-CVU-Kompüter elmləri, BMU-İnha Universiteti-Mühəndislik) 2020-ci ildə təsis olunaraq fəaliyyətə başlamışdır ki, bu proqramlar üzrə hazırda 115 tələbə təhsil alır. Bununla yanaşı,  Türkiyənin müvafiq universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında da ikili diplom proqramının təsis edilməsi istiqamətində danışıqlar davam etdirilir.

 

Dövlət Proqramının ikinci istiqaməti üzrə isə hazırda 80-ə yaxın gənc tədqiqatçı təhsilini Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə davam etdirir. Onların sırasında Türkiyədə təhsilalanlar üstünlük təşkil edir. Bildiyimiz kimi, Qazi Universiteti Türkiyədə tibb təhsili üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığı sahəsində böyük təcrübəyə malikdir. Bu səbəbdən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Qazi Universitetində təhsil almaq hüququ qazanmış 50-yə yaxın Azərbaycan vətəndaşından 38-i məhz Qazi Universitetinin tibb ixtisasını seçib. 

 

Nazir müavini vurğulayıb ki, bununla yanaşı, son illər ərzində Azərbaycan və Türkiyə ali təhsil müəssisələri Mevlana mübadilə proqramı, Erasmus mobillik proqramı və digər təhsil proqramları çərçivələrində uğurla əməkdaşlıq edir. Azərbaycanda təhsil alan 90 ölkənin əcnəbi tələbələri arasında Türkiyə Respublikasının vətəndaşlarının sayı 40% çoxdur. Həmçinin Türkiyə ali təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının sayı 23 min təşkil edir.

 

Qeyd edilməlidir ki, son bir il ərzində COVID-19 pandemiyası dünyanın bütün ölkələrində tam fərqli bir vəziyyət yaradıb, sosial-iqtisadi prioritetlərə yenidən baxılmasını zəruri edib. Pandemiyanın əhəmiyyətli dərəcədə təsir etdiyi sahələrdən biri də təhsil sahəsidir. Yaranmış vəziyyət göstərdi ki, dəyişən dünyada təhsil mobil transformasiyaya hazır olmalıdır, yeni reallıqlara dərhal uyğunlaşmalıdır. Pandemiya şəraitində tədrisin təşkili məhz informasiya və rəqəmsal texnologiyaların tətbiqi vasitəsilə mümkün olmuşdur.

 

Mövcud vəziyyətdə təhsilin davamlılığını təmin etmək üçün digər vacib amil - birgə fəaliyyəti gücləndirmək və yaranmış çətinliklərlə mübarizədə səyləri birləşdirmək olmuşdur. Qeyd edim ki, pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetinin tələbələri üçün Qazi və Ankara Universitetləri tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsil təşkil edilib.

 

70 min tələbə kontingentinə ev sahibliyi edən bir əsrlik tarixə malik Qazi Universitetinin mühəndislik sahəsindəki təcrübəsini nəzərə alaraq Azərbaycan Texniki Universiteti mövcud əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə bakalavr pilləsi səviyyəsində Maşın mühənsiliyi (İmalat mühendisliyi), Metallurgiya və materiallar mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramının təsis olunması istiqamətində Qazi Universiteti ilə müqavilə imzalayıb. Həmçinin, Qazi Universiteti ilə Mingəçevir Dövlət Universiteti və Azərbaycan Tibb Universiteti arasında Əməkdaşlıq haqqında Müqavilələr imzalanıb.

 

F.Qurbanov ümidvar olduğunu diqqətə çatdırıb ki, səfər çərçivəsində imzalanan müqavilələr və bugünki görüşümüzdə aparılan müzakirələr Azərbaycan-Türkiyə universitetləri arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək, birgə tədqiqatların aparılması, tələbə-müəllim mübadiləsi və mütəxəssislərin cəlb olunması sahəsində əlaqələri daha da genişləndirəcək.

 

F.Qurbanov əmin olduğunu bildirib ki, təhsil sahəsində səmərəli və fəal əməkdaşlığımız, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizdə elmin və təhsilin inkişafına xidmət edəcəkdir.

 

Sonra çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında qurulan əməkdaşlıqların yüksək nəticələr verəcəyindən əminliyini ifadə edib. Rektor rəhbəri olduğu universitetin təqdimatını edib, ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.

 

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.