Bakı Mühəndislik Universiteti (BMU) ilə Çinin Qinqdao Texnologiya Universiteti birgə onlayn seminar keçirib.

 

Tədbir  iki universitet arasında bu ilin 24 aprelində imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.  

 

Seminarda BMU-nun İnşaat mühəndisliyi ixtisasında təhsil alan və ya məzun olmuş tələbələri üçün Çinin Qinqdao Texnologiya Universitetində təqaüdlü magistr təhsili almaq imkanı və tələb olunan sənədlər haqqında ətraflı məlumat verilib.

 

Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov universitetin xarici əlaqələrindən və Çinin Qinqdao Texnologiya Universiteti ilə başlayan əməkdaşlıq çərçivəsində planlaşdırılan müxtəlif ortaq proqram və layihələr haqqında danışıb.

 

Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov rəhbərlik etdiyi fakültə haqqında ümumi məlumat verərək vurğulayıb ki, fakültədə tədris Azərbaycan və ingilis dillərində aparılır. Hazırda fakültədə 9 ixtisas üzrə 1000-ə yaxın tələbə təhsil almaqdadır. A.Əlifov BMU tələbələrinin bir çox Avropa ölkələrində, o cümlədən Macarıstan, İtaliya, Fransada magistr təhsili aldıqlarını nəzərə çatdırıb. Dekan Çin texnologiyası və təhsil sistemi ilə tanış olmağın vacibliyini önə çəkərək, tələbələrin əldə edəcəkləri biliklərin gələcəkdə Azərbaycanda tətbiq olunmasının zəruriliyini bildirib.

 

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov iki universitet arasında qeyd olunan istiqamətlərdə qurulmuş əməkdaşlıqla Azərbaycan ali təhsil sistemində ilkə imza atıldığını qeyd edib. Bildirib ki, Koreyanın İnha Universiteti ilə bakalavr təhsil pilləsi üzrə ikili diplom proqramının icrasından sonra Çinin Qinqdao Texnologiya Universiteti ilə magistr təhsil pilləsində inşaat mühəndisliyi ixtisasında mütəxəssis hazırlığına start verən ilk Azərbaycan ali təhsil müəssisəsi BMU-dur. Prorektor əlavə edib ki, qurulmuş əməkdaşlıq, ilk növbədə BMU-nun İnşaat mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri və məzunları üçün çox gözəl imkandır. Belə ki, ali təhsilin növbəti mərhələsini tam təqaüdlə və ya yarı təqaüdlə Çinin Qinqdao Texnologiya Universitetində ingilis dilində davam etdirmək imkanı yaranıb.

 

Çinin Qinqdao Texnologiya Universitetində hal-hazırda İnşaat mühəndisliyi ixtisası üzrə magistr təhsili alan və həmin universitetin İnşaat mühəndisliyi fakültəsinin Beynəlxalq əlaqələr şöbəsində çalışan Zaur Cəfərov təqdimatla çıxış edib və təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, Çinin Qinqdao Texnologiya Universiteti 1952-ci ildə Çində təsis edilib və hal-hazırda Şibei, Huangdao və Linyi kampuslarında mühəndislik sahəsində ali təhsilin üç səviyyəsində təhsil, həmçinin tədqiqat xidmətləri göstərməkdədir.

 

Z.Cəfərov universitetdə tədris olunan ixtisaslar və ixtisaslaşmalar barədə danışıb, eyni zamanda, ilk dəfə olaraq BMU-nun inşaat mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri və məzunları üçün, yəni 5 nəfər üçün tam -100%-li təqaüd, 5 nəfər üçün isə yarı - 50%-li təqaüd proqramı nəzərdə tutulduğunu vurğulayıb.

 

Seminrada o da qeyd edilib ki, Çində COVİD-19 pandemiyası ilə əlaqədar heç bir təhlükə yoxdur və universitetin yerləşdiyi Çinin Qinqdao şəhərinin sakinlərinin çox hissəsi vaksinasiya edilib. Əgər sərhədlər açılarsa, BMU-nun tələbələri və ya məzunları Çinə 1-ci kursdan təhsil almağa gedə bilərlər.

 

Seminar iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.