Dövlət Gömrük Komitəsinin Akademiyasının Gömrük işi ixtisası üzrə 1-ci kurs magistrantı  Nuranə Axundzadə və İqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbəsi Orxan Yusifov Rusiya Gömrük Akademiyası tərəfindən təşkil edilmiş “Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Moskva Beynəlxalq Modeli”nin (MIM WCO) 4-cü sessiyasında iştirak edərək beynəlxalq müsabiqənin qalibləri seçiliblər.

 

Onlayn tədbirdə 25-dən artıq ölkədən 50-yə yaxın nümayəndə və tələbə iştirak edib.

 

Gömrük sahəsində müxtəlif xarici ekspertlərin, alimlərin və ali təhsil qurumları əməkdaşlarının iştirak etdiyi beynəlxalq elmi-praktiki tədbir çərçivəsində təşkil edilmiş tələbə müsabiqəsinin qalibi kimi N.Axundzadə və O.Yusifov “Ən yaxşı təqdimat” nominasiyasında beynəlxalq sertifikatla təltif olunublar.

 

Tədbirin plenar iclasında müxtəlif ölkələrin ali təhsil müəssisələrinin rektorlarının, o cümlədən Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzovun tədbir iştirakçılarına və tələbələrə video-müraciəti təqdim edilib.

 

Qulu Novruzov akademiyanın Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU), Sankt-Peterburqda yerləşən ITMO Universitetinin “i-Customs” konfransının və digər tərəfdaş qurumlarla birlikdə keçirilmiş müxtəlif beynəlxalq tədbirlərin  fəal iştirakçısı, onların bəzilərinin təşkilatçısı olduğunu bildirib.

 

Akademiyanın tələbələri müsabiqənin "Gömrük orqanlarının fəaliyyətinin qiymətləndirilməsi"  işçi qrupunda “Azərbaycan Respublikasında gömrük islahatları” adlı təqdimatla çıxış ediblər. Təqdimatlarda “Yaşıl dəhliz”, “Səlahiyyətli iqtisadi operatorlar təsisatının rolu” kimi mövzulara toxunulub. Akademiyanın təmsilçiləri Azərbaycanda gömrük siyasəti, gömrük xidmətinin aktual çağırışları, yenilikləri və gömrük sahəsində həyata keçirilmiş əsas islahatlarla bağlı sualları cavablandırıblar.

 

Qeyd edək ki, “Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Moskva Beynəlxalq Modeli” şəbəkəsi gömrük işi və beynəlxalq gömrük əməkdaşlığı sahəsində bilik və bacarıqlarını artıran gənclərin elmi, peşəkar inkişafı üçün innovativ beynəlxalq platformadır.