Kompüter elmləri və texnologiyalarının sürətli inkişafı bir çox problemlərin və mürəkkəb praktiki məsələlərin həllinin aktuallaşmasına gətirib çıxarır. Veb dizaynın, elektron ticarət sistemlərinin, böyük məlumat bazalarının, süni intellekt sistemlərinin,  kompüter qrafikasının, hesablama buludlarının, informasiyanın təhlükəsizliyinin təmin olunması sistemlərinin və s. yaradılması kimi problemlərin həlli üçün kompüter elmləri və texnologiyaları üzrə mütəxəssislərə ehtiyac duyulur.

 

Əmək bazarında Verilənlər bazası inzibatçısı; veb dizayner; net tərtibatçısı; veb tərtibatçısı; kompüter şəbəkələrinin inzibatçısı; sistem inzibatçısı; biznes analitik və s. kimi mövqelərə olan böyük təlabat, o cümlədən, ölkəmizdəki sənaye müəssisələrində və biznes sektorunda rəqəmsal transformasiya və modernləşmə istiqamətində məlumatların rəqəmsallaşdırılması, tətbiqi analitika, innovativ həll və s. kimi məsələlər üzrə texnologiyalara olan böyük ehtiyac bir daha Kompüter elmləri və texnologiyaları ixtisası üzrə təcrübəli ixtisaslaşmış mütəxəssislərin tez bir zamanda hazırlanmasını aktual edir.

 

Bütün bunları nəzərə alaraq, Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura səviyyəsinin Kompüter elmləri ixtisasında Kompüter elmləri və texnologiyaları ixtisaslaşması açılacaq. İxtisaslaşmanın əsas məqsədi kompüter elmləri sahəsində təhsil, elm, sənaye və biznesin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

 

İxtisaslaşmanın 2021-ci il 15 sentyabr tarixindən açılması nəzərdə tutulur.