Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 6 tələbəsi Vişegrad Beynəlxalq Təqaüd proqramının qalibi olub.

 

Universitetdən bildirilib ki, Vişegrad Beynəlxalq Təqaüd proqramı magistr və doktorantura dərəcəsinə müraciət edən tələbələri V4 ölkələrində (Çexiya, Macarıstan, Polşa, Slovakiya) təhsil almaq üçün maliyyələşdirir.

 

Proqrama hər il dünyanın müxtəlif ölkəsindən yüzlərlə tələbə müraciət edir. Bu il Azərbaycanda keçirilən müsabiqədə 15 tələbə təqaüd proqramının qalibi olub ki, onlardan 6 nəfəri UNEC tələbəsidir.

 

UNEC SABAH mərkəzinin 4-cü kurs tələbələri Sevinc Quliyeva, Fəridə Səfiyeva, Ayla Quliyeva, Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Nazir Abbasov, Nərmin Əkbərli, iqtisadiyyat fakültəsindən isə Pərviz Süleymanov beynəlxalq təqaüdü qazanaraq Avropada təhsillərini davam etdirmək hüququna sahib olublar.

 

Təqaüdün ümumi miqdarı 16000 avro təşkil edir və tələbəyə semestr ərzində 2500 avro (aylıq 480 avro), oxuduğu universitetə isə illik 3000 avro ödəniş olunur.