Sloveniyanın paytaxti Lyublyanada keçirilən, UNESCO tərəfindən dəstəklənən Beynəlxalq Fəlsəfə Olimpiadası eIPO 2021 başa çatıb.

 

Sloveniya Prezidenti Borut Pahorun təbrik nitqi ilə açılan və  onlayn formatda dörd gün davam edən bu mötəbər tədbirdə 56 ölkədən 112 məktəbli iştirak edib. Hədəf liseyinin 11-ci sinif şagirdi Gülsüm Nuriyevanın timsalında Azərbaycan bu olimpiadada ilk dəfə təmsil olunub.

 

Yekunda Braziliyalı Luiz Felipe və Sloveniyadan Andrej Jovicevic birinci yeri bölüşərək qızıl medala, Almaniya, Avstriya, Yaponiya və Cənubi Koreya məktəbliləri gümüş medala, Türkiyə, Macarıstan, Ukrayna, Latviya və Kosta Rikalı şagirdlər isə bürünc medala layiq görülüblər.

 

Olimpiada işini müsabiqə zamanı təqdim olunan dörd fəlsəfi mövzudan birini seçməklə yarış iştirakçılarının yazdıqları esselərin ekspertlər tərəfindən qiymətləndirilməsi ilə yekunlaşıb.

 

eİOL 2021 Beynəlxalq Olimpiadasında iştirak Hədəf liseyi üçün mütərəqqi təcrübəyə yiyələnmək baxımından çox səmərəli olub. Gələn il lisey Azərbaycanda məktəblilər arasında ilk milli fəlsəfə olimpiadası keçirməyi hədəfləyir. Bu yarışda birinci və ikinci yeri tutanlar eİOL 2022-də iştirak hüququ qazanacaqlar.

 

Eldar İsmayılov,

Əməkdar jurnalist