Peşə Təhsili üzrə Dövlət Agentliyi və WorldSkills Azerbaijan platformasının təşkilatçılığı ilə peşə təhsil müəssisələri arasında keçirilən “Bacarıqlı ol! - Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə müsabiqədə iştirak edən tələbələrin əl işlərindən ibarət xalça sərgisi təşkil olunub və qaliblərə mükafatlar təqdim edilib.

 

“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçirilən sərgi və mükafatlandırma mərasimi ictimaiyyətə açıq olub.

        

Mükafatlandırma mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov çıxış edərək müsabiqənin əhəmiyyəti barədə söz açıb. Tədbirə qatılan qonaqlar sırasında “Azərxalça” ASC-nin sədri Emin Məmmədov, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova peşə təhsili müəssisələri arasında keçirilən yarışı və təqdim olunan əl işlərini yüksək qiymətləndiriblər. Eyni zamanda ölkəmizdə xalçaçılıq sənətinin inkişafı üçün bundan sonra müəssisələrlə daha yaxından əməkdaşlığın vacibliyini vurğulayıblar.

        

“Qarabağ”, “Milli irsimiz” və “Əyalətim” mövzularında 3 kateqoriya üzrə qaliblər və onların müəllimlərinə medallar, sertifikatlar,  xatirə hədiyyələri təqdim edilib. Bütün kateqoriyalar üzrə ümumilikdə ən yüksək nəticə göstərən 13 nömrəli Bakı Peşə Məktəbi yarışın qalib müəssisəsi seçilib.

        

Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.