Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil İnstitutunun (ARTİ)  inzibati binası, iş şəraiti və kollektivi ilə tanış olub. 


ARTİ-nin rəhbər heyəti ilə keçirilən görüşdə çıxış edən Firudin Qurbanov institutun təhsilin inkişafındakı mühüm rolunu vurğulayıb. Nazir müavini elmi tədqiqatların təhsilin məzmununda əhəmiyyəti, təhsil müəssisələrində ehtiyac duyulan tədqiqat mövzuları, yeni metodik vəsaitlər, müəllimlərin peşəkar inkişafı, təhsilin məzmununun bacarıq əsaslı təhsilə uyğunlaşdırılması, tədris resurslarının yenilənməsi, beynəlxalq və milli qiymətləndirmələrin təhlili kimi vacib məqamların ARTİ-nin əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edib. Firudin Qurbanov bildirib ki, son dövrdə  tədqiqatların strukturunun dəyişməsi təhsildə innovativ metodların tətbiqi və gələcəyə yönəlik peşələrin önə çıxması institutun fəaliyyət istiqamətlərini genişləndirməyi zəruri edir. Beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq, ali təhsildə gələcəyin ixtisaslarına uyğun proqramların araşdırılması, təhsilin müxtəlif pillələri arasında inteqrasiyanın təşkili, təhsil müəssisələrində innovativ mühitin təşviqi, pedaqoji fəaliyyətə hazırlaşan tələbələrin yeni dövrün tələblərinə uyğun təcrübə proqramı keçməsi  kimi fəaliyyətlər sözügedən istiqamətlərdəndir.


Firudin Qurbanov qeyd edib ki, indiki dövr süni intellektin sənaye və istehsalatda geniş tətbiq olunması ilə səciyyələnir. COVID-19 pandemiyası kimi təhdidlərin  təhsil sisteminə təsirindən danışan nazir müavini bildirib ki, indiki şəraitdə təhsil müəssisələri qarşısında hərtərəfli, müasir biliklərlə yanaşı, həm də ünsiyyət qurma bacarıqlarına malik, komanda mühitində işləməyi, öz işini proqnozlaşdırmağı bacaran gənc mütəxəssislərin formalaşdırılması prioritet təşkil edir. Firudin Qurbanovun sözlərinə görə, təhsil müəssisələri təkcə bilik və bacarıqlara deyil, ən əsası insani keyfiyyətlərə və mənəvi dəyərlərə sadiq insan yetişdirməlidir ki, onlar Vətənə və cəmiyyətə fayda versinlər. Təhsil nazirinin müavini gənclərin milli ruhda tərbiyəsi, onlarda vətənpərvərlik hissinin aşılanmasında ali təhsil müəssisələrinin qarşısında duran  mühüm vəzifələrdən danışıb. Ölkənin təhsil müəssisələrində gənclərlə müvafiq işlərin aparılmasının zəruriliyini qeyd edən Firudin Qurbanov gənclərin mədəni-intellektual tədbirlərə, idman yarışlarına cəlb olunmasının xüsusi vacibliyini vurğulayıb. Nazir müavini təhsil müəssisələrində təlim-tərbiyə işinin gedişi ilə bağlı müvafiq tövsiyələrini institut əməkdaşları ilə bölüşüb.


ARTİ-nin direktoru Rüfət Əzizov çıxışında hazırda institut tərəfindən görülən işlər, icra edilən layihələr və gələcək planlar haqqında danışıb. 


Qarşılıqlı fikir mübadiləsi şəklində davam edən görüşdə təhsil müəssisələrində elmi fəaliyyət bazasının müasir tələblərə uyğun təkmilləşdirilməsi, tədris resursları, doktorantura təhsilinin inkişafı, pedaqoji-psixoloji şuranın yaradılmasının zəruriliyi, müəllimlərin mütəmadi olaraq təlimlərdə iştirakının təmin edilməsi, bu baxımdan ARTİ və pedaqoji kadr yetişdirən təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, təhsildə innovativ qiymətləndirmə və monitorinq mexanizmlərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin digər məsələlərlə bağlı təkliflər səsləndirilib.


Sonda ARTİ-nin yeni inkişaf strategiyasının hazırlanması və bunun üçün müxtəlif strukturlardan təkliflərin verilməsi ilə bağlı qərar qəbul edilib.