Lənkəran Dövlət Universitetində (LDU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda konfrans  keçirilib.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov qeyd edib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Müasir Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır.

 

“Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq”- deyən universitet rəsmisi bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi.

 

Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan professor N.İbrahimov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

 

Bildirib ki,15 iyun təkcə dövlətçiliyimizin xilası deyildi, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi:”Təbii ki, bu gün qazanılan uğurların əsasında Ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs, bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır”.

 

Konfransda  tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Kamal Mahmudov və Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Rakif İbadovun  məruzələri dinlənilib.

 

Məruzələrdə  15 İyun- Milli Qurtuluş Gününü doğuran tarixi şəraitdən, Heydər Əliyevin Azərbaycanın bütövlüyünü qorumaq istiqamətində apardığı müdrik siyasətdən, bu siyasətin uğurlu nəticələrindən, prezident İlham Əliyevin  H.Əliyev yolunu uğurla davam etdirməsindən ətraflı bəhs olunub.