Belə bir tarixi gün yaşadığımıza görə çox sevinirik


İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. “Son zəng” də  həyatda bir dəfə olan və bütün ömür boyu xoş hisslərlə xatırlanan hadisələrdəndir.

 

Bu ilki “Son zəng”  tədbirində  iştirak etmək üçün Bakıdakı 14 nömrəli tam orta məktəbə yollandım.  Məktəb  həyətində  bu günə özəl xüsusi bir canlanma var idi. Böyüklü-kiçikli hər kəsin - şagirdlərin, müəllimlərin, valideynlərin çöhrəsindəki sevinc də bu günün qeyri-adiliyindən xəbər verirdi. Boyunlarından asdıqları ağ  və qırmızı lentin üstündə “Məzun -2021” yazılan məktəbli oğlan və qızlar - builki məzunlar  “Koroğlu” operasının uvertürasının sədaları altında  mətin addımlarla meydanda  ara məsafələrini gözləməklə, onlar üçün çəkilmiş dairədə öz yerlərini tutdular.

 

Dövlət himni səsləndirildikdən sonra meydana Dövlət Bayrağı gətirildi və təntənəli şəkildə qaldırıldı. Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Aparıcılar son dəfə şagird kimi məktəb həyətinə yığışan onbirinciləri təbrik etmək üçün ən şirin, ən kövrək sözlərdən çələng hördülər. Mərasimdə məzunlar tərəfindən vurğulandı ki, onlar   güclü, yenilməz və qalib ölkənin ilk məzunlarıdır. Məzunlar  çıxışlarında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun  Vətən müharibəsində qazandığı böyük qələbəsini tariximizin zəfər salnaməsi, parlaq səhifəsi kimi dəyərləndirdilər.

 

Məktəbin direktoru Rafail Hüseynov çıxış edərək təhsil ocağında 1565  şagirdin təhsil aldığını, onlardan 3 sinif üzrə 63 şagirdin bu gün  məzun olduğunu diqqətə çatdırdı.  Direktor sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar dilədi, qalib ölkənin məzunlarını təbrik etdi.

 

R.Hüseynov məzunlara zəfər tarixi barədə danışaraq bu tarixi hadisələri həmişə yaddaşlarında saxlamalarını, gələcəkdə hansı peşəyə sahib olmalarından asılı olmayaraq vətənpərvər olmağı, onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərini vurğuladı.

 

Onbirincilər ən kövrək anlarında, sevincli-kədərli dəqiqələrində qayğılarını, düşüncələrini bölüşdükləri sinif müəllimlərinin - Rəna Varşabovanın, Anna Mixayliçenkonun, Məhəbbət Səmədovanın, Yekaterina  Araşinanın, Esmira Əliyevanın adlarını iftixarla çəkdilər. Gözlərində-könüllərində ucalıqdan heç vaxt enməyəcək ibtidai sinif müəllimləri - Gülşən Əhmədli, Leyla Kərimova, Mahir Əliyev   bir-bir söz alıb, ən şirin diləklərini məzunlara yetirdilər. Onlar məzunlara  Azərbaycanımıza layiq vətəndaşlar, cəmiyyətimiz üçün faydalı olmalarını arzuladılar.

 

Aparıcılar onbirincilərin ürək sözlərinə ayna tutdular. Qloballaşan dünyadan baş çıxarmaq üçün onlara elmin sirlərini öyrədən, yeni texnologiyalarla dostlaşdıran fənn müəllimlərindən minnətdarlıq duyğusu ilə danışdılar.

 

Nəhayət, mərasimin ən kövrək anlarından biri gerçəkləşdi. Məzunlar üçün on bir illik məktəb həyatının “Son zəng”i çalındı.

 

11 a sinif şagirdi Sənan Abbasov: - “Doğma məktəb! Sənin qoynunda keçirdiyimiz bu 11 ildə, bəlkə də, bu gün yeganə gündür ki, biz onu həm sevinclə, həm də kədərlə qarşılayırıq. Sevinirik, çünki uşaqlığımızdan hər birimiz müstəqil olacağımız günü səbirsizliklə gözləyirdik. Artıq məktəbi bitirərək buna nail olduq. Bu gündən etibarən məktəb illərini geridə qoyaraq, həyatın enişli-yoxuşlu yolları ilə irəliləyəcəyik. Bu yolda büdrəyən də olacaq, alnıaçıq irəli gedən də, dönüb keçmiş illərə həsrətlə boylanan da. Kədərlənirik, çünki 11 il bir yerdə sevincimizi paylaşıb, kədərimizi bölüşdüyümüz mehriban sinif yoldaşlarımızdan, anamız qədər doğma olan sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə tabaşirlə yazılar yazdığımız sinif lövhələrindən ayrılacağıq. Gələcəklə bağlı arzularım var əlbəttə. İstəyirəm ki, Azərbaycanımıza, Vətənimizə layiq vətəndaş kimi töhfələrimizi verək.  Sevinirik ki, bu gün ölkəmiz daha da güclü və qüdrətlidir. Dünyaya səs  salan 44 günlük müharibə və bizim qəhrəmanlarımızın igidliyi hər birimizdə fəxarət hissi oyatdı. Qardaşım Sənan Abbasov da 44 günlük müharibənin iştirakçısıdır. Mən  xalqımızla fəxr edirəm”.

 

11 b sinif şagirdi Leyla Əliyeva: - “Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bizə ikinci bir ailə olub. Biz burada yazıb-oxumağı da, vətəni sevməyi də, bir-birimizə qardaş-bacı olmağı da öyrənmişik. Bu gündən etibarən biz məktəbə şagird kimi yox, müstəqil Azərbaycanın azad gəncləri kimi gələcəyik. Bundan sonrakı həyatımızda  ölkəmizin adına layiq vətəndaş olacağıq. Yoldaşlarım kimi mən də bu fikri əlavə etmək istərdim ki, çox sevincli bir gün yaşayırıq. İllərdir düşmən tapdağı altında olan torpaqlarımız yenidən öz sahiblərinə qayıtdı. Torpaqlarımız doğma Azərbaycanına qovuşdu. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olundu. Mən öz sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Belə bir tarixi gün yaşadığıma görə çox sevinirəm”.

 

11  c  sinif  şagirdi  Elvira  Mutafayeva: -  “11 ildir biz bu doğma məktəbdə hər gün yeni-yeni biliklərə yiyələnib, müstəqil həyata hazırlaşmışıq. Bu gün bizim qəlbimizi sevinc hissləri ilə yanaşı, dərin bir minnətdarlıq hissi də bürüyüb. Həyatlarını yolumuzda şam kimi əridən valideynlərimizə, yorulmadan elmin çətin yollarında yolumuza nur çiləyən, əlimizdən tutub bizi daim irəliyə aparan müəllimlərimizə, sinif rəhbərlərimizə minnətdarlığımızı çatdırır, bütün məktəb kollektivinə sonsuz təşəkkürümüzü bildiririk”.

 

Rəşad ZİYADOV