Azərbaycan Tibb Universitetində (ATU) Çin Xalq Respublikasının Gansu Çin Təbabəti Universitetinin (GÇTU) təşkil etdiyi “Ənənəvi Çin Təbabəti. Sağlamlıq Təhsili Proqramı" adlı onlayn kursun açılış mərasimi keçirilib.

 

Açılış mərasimini GÇTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Zheng Guisen açaraq, Gansu əyalətinin ənənəvi Çin təbabətinin mərkəzi, GÇTU-nun isə bu sahədə ölkənin qabaqcıl təhsil müəssisəsi olduğunu bildirib.  

 

GÇTU-nun “Bir kəmər, bir yol” təşəbbüsünə qatıldığını, bu layihə üzrə Fransa, Tailand, Moldova, Ukrayna, Qırğızıstan və Rusiya da daxil olmaqla, dünyanın 9 ölkəsində ənənəvi Çin təbabəti institutlarının açıldığını diqqətə çatdırıb. O, ATU ilə də təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını söyləyib. 

 

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ÇXR universitetləri ilə olan əməkdaşlıq fəaliyyətindən bəhs edib. Belə ki, Çin Tibb Universiteti ilə BRIMEA – “Bir kəmər, bir yol - Beynəlxalq Tibb Təhsili Alyansı” və GÇTU ilə “Bir kəmər, bir yol - Universitetlər Alyansı” layihələrində müxtəlif proqramlar üzrə tədbirlər təşkil olunub. Bu tədbirlərdən biri də ATU tələbələrinin Çin Tibb Universitetinin onlayn dərslərində iştirak etməsidir.

 

Qeyd edək ki, “Ənənəvi Çin Təbabəti. Sağlamlıq Təhsili Proqramı" kursunda ATU-nun 500-dən çox müəllim və tələbəsi iştirak edəcək. Kursun əsas mövzuları “Pediatrik masaj”, “Ayaq masajı”, “Dietoterapiya” və “Akupunktura masajı”dır.