Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qeyd olunub.

 

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova yubiley münasibətilə çoxminlik ADPU kollektivini təbrik edib. Rektor bildirib ki, çox az xalqların belə güclü pedaqoji ali təhsil müəssisəsi var:”Pedaqoji Universitet fəaliyyət göstərdiyi bir əsr ərzində çox vacib bir missiyanı - cəmiyyət üçün müəllim hazırlamaq vəzifəsini daşıyır. Bu, olduqca məsuliyyətlidir və müəllim hazırlığı sahəsində son illər ADPU-da aparılan ardıcıl islahatlar təqdirəlayiqdir”.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov ölkə başçısı tərəfindən ali təhsil müəssisəsinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalandığını, burada Pedaqoji Universitetin fəaliyyətinə olduqca böyük qiymət verildiyini diqqətə çatdırıb və digər universitetlərin, o cümlədən ADMİU-nun bu ümumxalq bayramına verdikləri töhfəyə görə minnətdarlığını bildirib. Rektor çıxışında ADPU-nun tarixi inkişafı, keçdiyi zəngin elmi-pedaqoji yol və son dövrlərdə aparılan genişmiqyaslı fəaliyyət nəticəsində pedaqoji təhsilin ölkədə yenidən öz nüfuzunu bərpa etdiyini vurğulayıb. Yubileyin cəmiyyətin qarşısında hesabat və yeni strategiya üçün fürsət olduğunu deyən C.Cəfərov ADPU-nun genişlənən xarici əlaqələri haqqında da danışıb.

 

ADMİU-nun tədris işləri üzrə prorektoru, ADPU-nun məzunu olan professor Validə Məmmədova, kafedra müdirləri, professor Əli Əmirli və ADPU-nun aspirantı olmuş dosent Yeganə Eyvazova, ADPU-nun məzunu, baş müəllim Əminə Qədimova, ADPU-nun incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, dosent Laçın Həsənova və kafedra müdiri, professor Zemfira Abdullayeva çıxış edərək öz təəssüratlarını bölüşüb, Pedaqoji Universitetin cəmiyyətimizin həyatında oynadığı müstəsna rola diqqət çəkiblər.

 

Çıxışlardan sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair müqavilə imzalanıb.