Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Türkiyənin Qazi Universitetinin doktoranturasına qəbul olan gənc müəllim Nailə Allahyarova və məzun Mərhəmət Əhmədovla görüşüb.

 

Ş.Bayramov qardaş ölkənin zəngin ənənələrə və güclü akademik potensiala sahib qocaman ali təhsil müəssisələrindən biri olan Qazi Universitetində doktorantura səviyyəsində təhsil almaq imkanı qazanmaları münasibətilə hər iki gənci təbrik edib.

 

Mart ayından etibarən MDU və Qazi Universiteti arasında yaranan əməkdaşlıq əlaqələrindən bəhs edən rektor qarşılıqlı ziyarətlərdən, imzalanmış əməkdaşlıq müqaviləsindən və işbirliyinin təqdim etdiyi geniş imkanlardan danışıb.

 

MDU-nun pedaqoji və mühəndislik fakültələrinin potensialının inkişaf etdirilməsində Qazi Universiteti ilə əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayan Ş.Bayramov işbirliyi çərçivəsində yaxın gələcəkdə nəzərdə tutulmuş tədbirləri diqqətə çatdırıb.

 

Universitetin gənc akademik heyət üzvlərinin və magistr məzunlarının Qazi Universitetində doktorantura təhsili almasına müvafiq dəstəyin göstərilməsini əməkdaşlığın əsas prioritetlərindən biri olduğunu qeyd edən Ş.Bayramov artıq bu istiqamətdə ilk addımların atılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

 

Gənclərin Qazi Universitetində doktorantura təhsili alacaqları Təhsilin idarə edilməsi və Kompüter Elmləri ixtisaslarının milli təhsilimiz üçün prioritet hesab edilməsindən söhbət açan rektor onların qazanacaqları müasir bilik və bacarıqlar sayəsində ali təhsilimizin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

 

Qeyd edək ki, Türkiyə Respublikasının 2020/2021-ci tədris ili üzrə elan edilmiş “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə N.Allahyarova və M.Əhmədov uğurla iştirak edib. Doktorantların qardaş ölkə tərəfindən təqaüdlə təmin edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki Səfirliyinin müvafiq dəstəyi sayəsində mümkün olub.