"Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

 

Görüşdə BDU-nun rektoru Elçin Babayev, elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, şərqşünaslıq fakültəsinin professor-müəllim heyəti, Medianın İnkişafı Agentliyinin əməkdaşları, "Əl-Cəzirə" Media İnstitutunun nümayəndə heyəti iştirak edib.

 

Qonaqlar universitetin BDU TV studiyasının və Elmi kitabxanasının fəaliyyəti ilə tanış olublar.

 

BDU-nun rektoru Elçin Babayev Azərbaycanın iqtisadi, siyasi, hərbi baxımdan regionda ən güclü dövlət olması və ölkəmizdə hal-hazırda həyata keçirilən quruculuq işləri barədə qonaqlara məlumat verib.

 

Rektor beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun artdığını, Azərbaycanın imicinə zərbə vurmaq istəyən düşmən qüvvələrin səylərinə baxmayaraq, xarici institut və təşkilatların reytinq cədvəllərində yüksək pillələrdə yer aldığını qeyd edib.

 

E.Babayev  BDU-nun hər il dünyanın müxtəlif ali təhsil ocaqları ilə tələbə-müəllim mübadiləsini gerçəkləşdirdiyinə də diqqət çəkib.

 

Daha sonra "Əl-Cəzirə" Media İnstitutunun media meneceri Montaser Mara institutun formalaşması, onun televiziya məkanında yeri və rolu, bugünkü vəziyyəti, yenilikləri ilə bağlı iştirakçılara məlumat verib. Birgə layihə və proqramlardan bəhs edib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

 

BDU haqqında videoçarxın nümayişindən sonra şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kefedrasının müdiri vəzifəsini icra edən Vüqar Qaradağlı, kafedranın professoru Aida Qasımova və müəllimi Kəmalə Musayeva ərəbşünaslıq üzrə tədrisə və elmi araşdırmalara dair təqdimatla çıxış ediblər.