Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən  Konfutsi İnstitutunun tələbələri beynəlxalq onlayn Çin dili dərslərini davam etdirirlər.

 

Şərqi Çin Pedaqoji Universitetinin rəhbərliyi ilə həyata keçirilən layihədə tələbələr çinli pedaqoqlar tərəfindən Çin dili biliklərini artırmaqla yanaşı, ölkə mədəniyyətinin müxtəlif sahələrini əhatə edən dərslərlə də yaxından tanış olurlar. Çin dilində tədris olunan bu dərslərdə tələbələr yerli xalqın həyat tərzini, şeir və hekayələrini öyrənirlər.

 

Layihənin iştirakçısı olan  ADU Çinşünaslıq ixtisasının tələbəsi  Şəbnəm Məmmədova pandemiya dövründə  tələbələrin bu cür proqramlarda iştirakının vacibliyini qeyd edib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov isə tələbələr arasında Çin dilinə olan maraq və istəklərin artmasından danışıb.

 

Azərbaycan-Çin əlaqələrindən bəhs edən R.Abbasov  Çin dilinə olan təlabatın, bu dili öyrənməyə artan marağın  Çin mədəniyyətinə daha dərindən nüfuz etməklə əlaqəli  olduğunu bildirib.

 

Konfutsi İnstitutunun tələbələr üçün yaratdığı imkanlardan bəhs edən professor pandemiya dönəmində yaranan məhdudiyyətlərdən də söz açıb. O, tələbələrin bu cür beynəlxalq  onlayn layihələrdə iştirakı üçün Konfutsi İnstitutunun  maarifləndirici seminarlar  keçirdiyini  qeyd edib.