Təhsil Nazirliyinin təqdim etdiyi bütün elektron xidmətləri vahid məkanda birləşdirən portal.edu.az platformasına peşə təhsili pilləsi üzrə təhsil alanlar üçün yeni elektron xidmət əlavə edilib. Belə ki, peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslərin yenidən təhsilinə davam edə bilməsi məqsədilə “Təhsilin bərpası” elektron xidməti vətəndaşların istifadəsinə verilib. Sözügedən xidmət peşə təhsilinə fasilə verən tələbələrin bərpasını elektron qaydada həyata keçirir.

 

Xidmətdən istifadə etmək istəyən vətəndaşlar portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətinə daxil olaraq, elektron müraciətlərini göndərə bilərlər. Daxil edilən məlumatların doğruluğu elektron sistem vasitəsilə yoxlanıldığı və məlumatlar təsdiqini tapdığı təqdirdə, təhsilinə fasilə vermiş tələbə müvafiq istiqamət üzrə bərpa olunaraq təhsilini davam etdirə biləcək. Sözügedən yeni xidmət peşə təhsili üzrə vahid mərkəzləşmiş elektron idarəetmənin tərkib hissəsidir. Xidmət bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin edəcək. 

 

Xidmətdən istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.