Alimlər Ayda astronavtların uzunmüddətli missiyalar üçün istifadə edə biləcəkləri səthaltı mağara tapıblar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə "Nature Astronomy" jurnalında araşdırma dərc edilib.
 
Araşdırma çərçivəsində alimlər ABŞ Aerokosmik Agentliyinin (NASA) Ay kəşfiyyat vasitəsinin radar ölçmələrini təhlil ediblər.
 
Mağaranın "Apollon 11" kosmik gəmisinin endiyi yerdən təqribən 400 kilometr aralıda olduğunu bildirən elm adamları, onun lava borusunun çökməsi nəticəsində meydana gəldiyini bildiriblər.
 
Alimlər belə bir nəticəyə gəliblər ki, kəşf edilmiş mağara 1969-cu ildə reallaşdırılmış “Apollo-11” missiyasının eniş sahəsinin yaxınlığında 100 metr dərinlikdə yerləşir. Onların fikirlərinə əsasən, sözügedən mağara radiasiyadan, meteroitlərdən və Ay səthindəki daimi temperatur dəyişikliklərindən ideal qorunma yeri ola bilər. 
 
Qeyd edək ki, daha əvvəllər Ay səthində bu cür tunellər yalnız fərziyyə xarakteri daşıyırdılar. Lakin indi onların mövcudluqları real olaraq təsdiqlənib. Mütəxəssislər bildiriblər ki, bu cür mağara Ayda xüsusi bazanın inşası ideyasını reallığa çevirə bilər.