Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi uşaqların ümumi təhsilə hazırlığını təmin edən, fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Məktəbəqədər təhsil uşaqların idrak, sosial-emosional, fiziki və nitq inkişafı üçün imkanlar yaradır. Uşaqların  ümumtəhsil məktəblərində yaradılan  məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesinə iyulun 16-da saat 11:00-dan etibarən start verilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu saata qədər 30 mindən artıq uşaq Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbul edilib.  
 
Qeyd edək ki, 18 iyul saat 11:00-dan etibarən isə tədris digər dilərdə aparılan bölmələr üzrə sorğuların yerləşdirilməsi prosesi aktv ediləcək.
 
Proses 13 sentyabr tarixinə qədər davam edəcək.                                                                                                                        
 
Müraciətlərin operativ şəkildə emal edilməsi məqsədilə Agentliyin, BŞTİ-nin və Regional Təhsil İdarələrinin vətəndaş qəbulu mərkəzlərində, həmçinin  ASAN Xidmət mərkəzlərinin "Təhsil" bölməsində , alternativ qeydiyyat mərkəzlərində vətəndaşlara xidmət göstərilir.