İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib. Bildirilib ki, elmi müəssisənin baş elmi işçisi dosent Fərqanə Abdullayeva “Kibertəhlükəsizlikdə süni intellekt texnologiyalarının tətbiqi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, ENISA təşkilatının dərc etdirdiyi hesabata əsasən, müasir rəqəmsal dünyada mürəkkəb təbiətli təhlükəsizlik təhdidlərinin sayı eksponensial olaraq artır. Əsas təhdidlər sırasına fərdi məlumatların məxfiliyinin itməsi, təkmilləşdirilmiş dezinformasiya kampaniyaları, qalıcı hücumlar və s. aiddir. Hesabatda həm də süni intellektdən sui-istifadə edən hücumların sayının kəskin artaraq 2030-cu ilə qədər daha yüksək həddə çatacağı ilə bağlı proqnozlar yer alıb. F.Abdullayevanın sözlərinə görə, bu hücumların ənənəvi üsullarla aşkarlanması mümkün deyil. Onların aşkarlanması süni intellekt texnologiyalarına əsaslanmalıdır. Burada süni intellektin zərərli məqsədlər üçün istifadə edilməsinin qarşısını almaq, kibertəhlükəsizlikdə istifadə edilməsinə nail olmaq vacib məsələlərdəndir.
 
Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev məruzə ilə bağlı fikirlərini bölüşərək kibertəhlükəsizlikdə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı aparılan araşdırmaların aktuallığından danışıb, tədqiqatların davam etdirilməsinə dair təklif və tövsiyələrini irəli sürüb.