AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub, Mərkəzin fəaliyyət istiqamətləri ilə ətraflı tanış olaraq Zəlzələlərin Tədqiqatı Bürosunun fəaliyyətini monitorlardan izləyib.
 
Akademiyadan "Azərbaycan müəllimi"nə bildirilib ki, akademik İsa Həbibbəyli Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birlikdə inşa etdiyi Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyasında aparılan son tamamlama işləri və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi barədə məlumat alıb.
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Şuşa rayonunda AFAD tərəfindən quraşdırılmış seysmik stansiya, onun fəaliyyəti, yeni yaradılacaq mərkəzin binasının yerləşəcəyi yer və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.