Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfər edib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki. məqsəd universitet-peşə təhsili işbirliyinin inkişaf etdirilməsi, ömürboyu təhsil istiqamətində müvafiq proqramların həyata keçirilməsi, həmçinin tədris proqramlarının sənayenin tələblərinə uyğunlaşdırılması və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi olub.
 
Əvvəlcə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur həyata keçirilib. Mərkəzin direktoru Qalib Nəbiyev burada görülən işlər, həyata keçirilən layihələr, tədris proqramları barədə qonaqlara məlumat verib.
 
Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, AzTU-nun rəqəmsal transformasiya üzrə məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova iştirak edib.