Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) elmi-tədqiqatçılar üçün multikulturalizm  sahəsində yeni imkanlar və elmi  istiqamətləri müəyyənləşdirməyə imkan verən müsabiqə başlayıb.

 

“Multikultural  elmi-tədqiqat müsabiqəsi-2021”  beynəlxalq standartlara cavab verən, multikulturalizm üzrə yüksək səviyyədə təşkil ediləcək elmi-tədqiqat və yaradıcılıq layihələrini dəstəkləyir.

 

Əsas missiya multikulturalizm sahəsi üzrə araşdırma aparan potensiallı elmi tədqiqatçıları kəşf etmək və mükafatlandırmaqdır. Müsabiqədə həm yerli, həm də xarici alimlərin iştirakı nəzərdə tutulub.

 

Mərkəzdən bildirilib ki, elmi-tədqiqat müsabiqəsinin tələblərinə uyğun və qalib olacaq  namizədlər birmənalı şəkildə multikulturalizm sahəsində ciddi elmi araşdırma aparan  tədqiqatçılar olmalıdır. Qoyulan tələblərdən biri də uyğun namizədlərin müsabiqə proqramına müraciətdən ən azı 2-3 il öncə doktorluq dərəcələrini bitirmiş olmalarıdır.

 

Qeyd edək ki, müsabiqədə 3 elmi- tədqiqat layihəsi seçiləcək.

 

Maliyyələşmə isə 5000 ABŞ dolları təşkil edir.

 

Qalib olan elmi-tədqiqat layihələri, eyni zamanda BBMM tərəfindən kitab formatında qaliblərə dəstək məqsədi ilə nəşr ediləcək. 

 

Müsabiqə aşağıdakı mövzular üzrə tədqiqatın aparılmasını nəzərdə tutur:

 

• Azərbaycanın multikulturalizm modeli,

• Qafqaz Albaniyasının tarixi və mədəni irsi,

• Azərbaycanda xristianlığın tarixi,

• Dini radikalizm və ekstremizmin qarşısının alınmasında multikulturalizmin rolu,

• Mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın rolu,

• Multikultural Marketinq: Etnik kimliklərin idarə edilməsi,

• Ali təhsildə multikulturalizm,

• Multikulturalizm və dini kimlik,

• Multikulturalizm və müxtəliflik: Mədəni psixologiya,

• Multikulturalizm: Nailiyyətlər və problemlər,

• Kütləvi İnformasiya Vasitələrində irqçilik və mədəni müxtəliflik,

• Tolerantlıq və mədəni müxtəliflik.

 

BBMM tərəfindən hazırlanan xüsusi format üzrə təqdim edilən  elmi-tədqiqatlar ingilis, türk, rus və alman dillərində təqdim edilə bilər.

 

Müsabiqə proqramı üçün təqdim edilən elmi tədqiqatların yoxlanılması və qaliblərin müəyyən edilməsi üçün təşkil edilən Rəyçi Qrup beynəlxalq mütəxəssislərdən ibarətdir.

 

Müraciət 1 avqust tarixinə qədərdir. Elmi-tədqiqat layihəsi isə dekabr ayının 1-nə kimi təqdim olunmalıdır.