Azərbaycan Dillər Universitetində (ADU) “Məzun Günü” keçirilib.

 

Tədbirdən öncə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla xarici ölkələrin Azərbaycandakı səfirləri və səfirliklərinin nümayəndələri ilə görüşüb. Rektor qonaqlara universitetdə olan ixtisaslar və universitetin beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirib ki, universitetdə ingilis, fransız, alman, italyan, yapon, ispan, İndoneziya, Çin, Koreya və s. dillər tədris olunur:”Bu gün universitet məzunları Azərbaycanın bir çox məktəblərində çalışırlar. Bundan başqa, universitetdə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi olduğu üçün məzunlar müxtəlif qurumlarda, beynəlxalq müəssisələrdə fəaliyyət göstərirlər”.

 

Rektor əlavə edib ki, ADU beynəlxalq proqramlar vasitəsi ilə müxtəlif ölkələrlə əlaqələr qurub. Bura ABŞ, Rusiya, İtaliya, Fransa, Almaniya, Çin və s. ölkələrin universitetləri daxildir.

 

Sonra “Məzun Günü”nə start verilib, tələbələrin ifasında beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib.

 

Akademik Kamal Abdulla məzun olmaqları münasibəti ilə tələbələri təbrik edib: “Əminəm ki, universitet tələbələr üçün, tələbələr də universitet üçün darıxacaq. Həyat yolunuz açıq və uğurlu olsun. İnanıram ki, siz bu günü həmişə xatirinizdə saxlayacaqsınız. Məzunu olduğunuz bu il Azərbaycan üçün çox uğurlu oldu. Azərbaycan öz qələbəsini qazanıb, Vətən torpaqlarının bütövlüyünü bərqərar edib. Bununla yanaşı, Azərbaycan həqiqəti, obyektivliyi bərqərar edib…İnanıram ki, hər birimiz Azərbaycanın xoşbəxt gələcəyi, Vətənimizin firavanlığı, Azərbaycan Dillər Universitetinin bundan sonra da çiçəklənməsi uğrunda əlimizdən gələni əsirgəməyəcəyik. Hər birinizə uğurlar!”.

 

Tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Yaponiyanın səfiri Vada Cüniçi, Böyük Britaniyanın səfiri Ceyms Şarp, İsrail səfirinin müavini Doron Peer, Pakistan səfirinin müavini Moazzam Əli Sahito, Argentinanın səfiri Serxio Osvaldo Perez, ABŞ səfirinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkman, Hindistanın səfir müavini Sudeş Sinxa, Macarıstanın səfiri Viktor Sederkenyi, Almaniyanın baş konsulu Gerhard Lutz, İndoneziya səfirinin müşaviri İnqan Malamı, Azərbaycan Dillər Universitetinin prorektorları Novruz Məmmədov, Sevinc Zeynalova, Tamam Cəfərova,  universitetin fəxri məzunları - Oqtay Şahbazov, Hüseyn Quliyev, İbrahim Hacıyev, təhsil nazirinin müşaviri Elnur Nəsibov, Beynəlxalq əməkdaşlıq şöbəsini müdiri Tural Əhmədov və başqaları təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplomlarını və Fəxri Fərman təqdim ediblər.

 

Çıxış edən qonaqlar ADU-nun son illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunlarının yüksək bilik göstəriciləri haqqında danışıb, təhsil ocağının fəaliyyətini yüksək qiymətləndiriblər.