Mingəçevir Dövlət Universitetində (MDU) növbəti bir həftəlik “Tyutor xidməti” təlimləri başa çatıb.

 

Proqram çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Bolonya prosesi haqqında ümumi məlumat”, “Kredit sisteminin mahiyyəti və məzmunu”, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda əsas anlayışlar”, “Tədrisin təşkili və idarə olunması”, “Akademik məsləhətçi (tyutor) xidməti”, “Tələbələrin hüquq və vəzifələri. Yay məktəbinin təşkili”, “Tələbə və müəllim mobilliyi” və “Təqdimat və onun hazırlanması” mövzularında təlimlər keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov ikinci təlim proqramını müvəffəqiyyətlə bitirən iştirakçılarla görüşüb.

 

Görüşdə təlimlərə marağın getdikcə artmasından məmnunluğunu ifadə edən Ş.Bayramov çoxsaylı müraciətləri nəzərə alaraq proqramın yenidən təşkil edilməsində və icrasında əməyi olan bütün akademik, inzibati və texniki heyət üzvlərinə təşəkkür edib.

 

Son dövrdə MDU-da ali təhsil xidmətlərinin keyfiyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən və qarşıda dayanan vəzifələrdən söhbət açan rektor təlim iştirakçılarının əldə etdikləri yeni bilik və bacarıqlarla tədris prosesinin təşkili, idarə olunmasında daha effektiv fəaliyyət göstərəcəklərinə əminliyini bildirib.

 

Sonda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim edilib.