Azərbaycan  Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il növbəti dəfə Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemi olan U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub.

 

AzMİU-dan bildirilib ki, universitetin fəaliyyəti Avropa ekspertləri tərəfindən qiymətləndirilib və 8 göstərici üzrə yüksək nəticə əldə olunub. “A” (çox yaxşı) və “E” (qeyri-kafi) kateqoriyalar üzrə ekspertlər tərəfindən qiymətləndirilən ali məktəblər arasında AzMİU “A” kateqoriyasında yer alıb.

           

Məlumat üçün qeyd edək ki, U-Multirank Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. U-Multirank reytinq sıralamasının bu ilki buraxılışında 97 ölkədən 1948-ə yaxın universitet 5 meyar – tədris və öyrənmə, tədqiqat, bilik transferi, beynəlmilləşmə və regional fəaliyyətlər üzrə qiymətləndirilib. Universitetlər bu bazaya daxil olmaqla tələbələrə, başqa təhsil ocaqlarına, müəssisələrə həmin ali məktəb haqqında daha geniş informasiya əldə etmək imkanı verir. Hər universitetin tədris və təlim fəaliyyətinin göstəricilərinə əsaslanaraq, tələbələr onları maraqlandıran ali təhsil müəssisəsi  haqqında asanlıqla geniş informasiya əldə edə bilirlər.

 

AzMİU 2015-ci ildən hər il ənənəvi olaraq bu reytinq sisteminə daxil olur.