Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Peres Qunella Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, müasir tədris metodları, Azərbaycan və ingilis dilli ixtisasların mövcudluğundan danışıb. Qeyd edilib ki, əcnəbi tələbələrin sayına görə ölkə universitetləri sırasında öncüllüyünü qoruyan ali təhsil müəssisəsində 1500-ə yaxın əcnəbi tələbə təhsil alır. Bildirilib ki, ali təhsil ocağında 7000-ə yaxın tələbə oxuyur ki, onlar həmçinin universitetin ictimai- mədəni həyatında öz fəallıqları ilə seçilir. E.İsayev universitetdə ikili diplom layihələri, dünyanın nüfuzlu elmi nəşrlərli ilə aparılan birgə əməkdaşlıqdan danışıb. Bildirilib ki, rəhbərlik etdiyi ali təhsil ocağı “Times Higher Education” versiyasına aid  reytinq üzrə artıq dünyanın nüfuzlu universitetləri sırasındadır. Rektor ali təhsil ocağının 2 hektar ərazisində inşa olunmağa başlanan və ölkə universitetləri arasında ilk model texnoparkdan da danışıb.

 

Argentinalı diplomat ölkələrarası münasibətlərin daha da inkişaf etməsində universitetlərarası əlaqələrin rolunun böyük olacağını vurğulayıb. Diqqətə çatdırıb ki, ali təhsil ocağında keçirilən görüşün məqsədi gələcəkdə NDU ilə Argentina universitetləri arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığa nail olmaqdır.

 

Görüşdə texnopark sahəsində birgə əməkdaşlıq, akademik mobillik, birgə elmi nəşrlər, mühəndislik proqramları çərçivəsində texniki sahədə əməkdaşlıq layihələri, robotexnika, nanotexnologiya, elektrotexnika sahəsində birgə layihələr də müzakirə mövzusu olub.

.