Tanınmış təhsil eksperti, Əməkdar müəllim Asif Cahangirovun Azərbaycan təhsilşünaslığına dəyərli töhfə olan “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” (Bakı, Şərq-Qərb, 2021,  384 s.)  kitabının elmi redaktoru fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov, redaktorları fəlsəfə doktoru, Əməkdar müəllim Mehriban Vəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Cahangirova, rəyçilər professor Fərrux Rüstəmov, professor Hikmət Əlizadə, fəlsəfə doktoru Elnur Nəsibov, fəlsəfə doktoru, dosent, Əməkdar jurnalist  Cəsarət Valehovdur.

 

Hər kitab özlüyündə bir xəzinə olmaqla yanaşı, həm də neçə-neçə xəzinələrə açardır. Son dövrlərdə digər elm sahələrində olduğu kimi, elmi-pedaqoji sahədə də bir-birinin ardınca müxtəlif adda  kitablar, dərslik və dərs vəsaitləri nəşr olunur. Kitabın müəllifləri və mündəricatları fərqli olsa da, elə bil ki,  hamısı eyni qəlibdən çıxır. Fikir müxtəlifliyinə, plüralizmə, arqumentasiyalı və  istiqamətverici  tənqidə, innovativ yanaşmaya, təhsilin metodoloji problemlərinin (məqsəd, məzmun, metod, təşkili forması və s.)  inkişafına kömək edə biləcək fikirlərə  rast gəlinmir. Nəşr olunan əsərlərdə dərin elmi təhlil çatışmır, təsvirçilik üstünlük təşkil edir. Mövcud ədəbiyyatı tənqidi surətdə təhlil etmədən, həmin problem barəsində əvvəllər söylənilmiş baxışlara istinad etmədən, müqayisələr aparmadan nəticələr çıxarılır. Bir çox əsərlərdə çoxdan məlum olan pedaqoji həqiqətlərdən elə danışılır ki, guya bunlar həmin müəllifin kəşfləridir. Belələri məşhur fizik Paskalın məlum fikrini nədənsə unudurlar. O, həmişə deyərmiş: “Heç vaxt elə düşünməyin ki, hər hansı bir fikir birinci sizin ağlınıza gəlibdir”. Çap olunmuş əsərlərin  heç də hamısı dərin məzmuna malik deyil, onlar müasir məktəbin tələbatına cavab vermir, çox zaman ümumi, nəzəri xarakter daşıyır: bilavasitə məktəb həyatı, pedaqoji təcrübə və müəllimlə heç bir əlaqəsi olmur,  yeniliyin,  təhsildə gedən  struktur və məzmun dəyişikliyinin  üstün əlamətləri görünmür. Bəzən də sadəcə tərcümədən ibarət olduğundan orijinallığı ilə seçilmir.

 

Əməkdar müəllim Asif Cahangirovun Azərbaycan oxucusuna təqdim etdiyi “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabı sadalanan qüsurlardan  uzaq  olmaqla yanaşı, həm də orijinallığı, strukturu, şərh  və təqdimetmə üslubu ilə  seçilir.  Kitabda  şərh edilən pedaqoji problemlər (ali təhsil,  orta təhsil, təhsilin idarə olunması, təhsil və həyat, məktəbəqədər təhsil və s.) həmişə təkmilləşmə və yeniləşmə tələb edən ənənəvi mövzular olsa da, onlara yanaşma, şərh və  təqdimetmə yenidir. Şərh edilən pedaqoji problemlər zaman və məkan, tarixilik və müasirlik müstəvisində dəyərləndirilir, elmi nailiyyətlərin pedaqoji və sosial dəyərə çevrilməsinin texnologiyası şərh edilir. Müəllif 90-cı illərdən başlayaraq Azərbaycan təhsilində baş verən yenilikləri, inkişafın istiqamətlərini şərh etməklə yanaşı, yol verilən qüsurları da sadalayır. Təkcə sadalayırmı? Xeyir, yol verilən nöqsanların obyektiv və subyektiv səbəblərini müəyyənləşdirir, elmi cəhətdən əsaslandırır, dəqiq diaqnostlaşdırma aparır. Bununla da kifayətlənmir, həmin sahədəki nöqsanların aradan qaldırılması, tənəzzüldən tərəqqiyə çevrilməsi üçün parametrlər müəyyənləşdirir, elmi əsaslara  söykənən proqnostik fikirlər irəli sürür.

 

Müəllifin təhsilimizin inkişafına xidmət edən orijinal fikirləri olduqca real və məntiqli görünür. Niyə? Çünki o, xarici təcrübədən süzülüb gələn, nəzəriyyə ilə təcrübənin vəhdətindən yaranan elmi yanaşma ilə çıxış edir.  Müəllif  şərh etdiyi problemlərə  yalnız praktik müəllim, tədqiqatçı alim, təhsil məmuru və ya  beynəlxalq təhsil eksperti  kimi yanaşmır. Çünki o, bu peşə sahiblərinə məxsus olan səriştələri özündə  kompleks şəkildə ehtiva edən  peşəkardır. İrəli sürdüyü  ideyaları ona görə inandırıcı görünür ki, baş verən pedaqoji  fakt və hadisəni kompleks şəkildə dəyərləndirməyi bacarır, eyni hadisəyə müxtəlif rakurslardan baxmağı, müəllim kimi, alim kimi, təhsil məmuru kimi, təhsil eksperti kimi, vətənpərvər ziyalı kimi düşünməyi, təhlil etməyi və ciddi ümumiləşdirmələr aparmağı  və təhsil quruculuğuna istiqamətləndirməyi bacarır.  Çünki hazırkı dövrdə Asif müəllim analitik qabiliyyəti, tədqiqatçılıq səriştəsi, müqayisə etmək bacarığı və yeni pedaqoji təfəkkür imkanlarına malik çox az təhsil araşdırıcılarından və  təhsili idarəetmədə də öz üslubu ilə seçilən ziyalılardan biridir. Azərbaycanda təhsili idarəetmə sahəsində  Asif Cahangirov zirvəsi var. Bu zirvəni fəth etmək üçün Asif müəllim  kimi yaşamaq, işləmək, əxlaqi-mənəvi dəyərlərə sahib olmaq,  obyektiv, prinsipial, xeyirxah,  təvazökar, işgüzar, peşəkar, ünsiyyətcil, yaradıcı  olmaq  lazımdır.

 

Bu kitab elmlə təcrübənin  əməkdaşlığına, elmi ideyaların pedaqoji prosesə tətbiq olunmasına, dünya təhsilində aparıcı ideyaların önə çəkilməsinə, daha uğurlu inkişaf üçün ənənə və müasirliyin vəhdətinə, təhsil sistemində edilməli olan konseptual dəyişikliklərin istiqamətlərinin müəyyənləşdirilməsinə, təhsilverənlərin müasirləşdirilməsinə, təhsilin məzmununun (tədris resurslarının) təkmilləşdirilməsinə,  təhsillə bağlı normativ-hüquqi bazanın möhkəmləndirilməsinə, tədris texnologiyasının dəyişdirilməsinə istiqamətlənmiş bir kitabdır. Şüurlu həyatını millətin övladlarının təhsilinin inkişafına, təhsil sisteminin idarə edilməsinə həsr etmiş optimist təcrübəli  təhsil işçisinin istək və arzularıdır, Azərbaycanın Əməkdar müəlliminin 15 dərsidir. Dərsin mövzularına diqqət yetirək: 1)Beynəlxalq trendlər və ölkə ali təhsilinin aktual problemləri; 2)Bolonya bəyannaməsi: bəs biz hardayıq? 3)Qloballaşan dünyada ali təhsil və reallıqlarımız; 4)Ümumitəhsilin bəzi aktual məsələləri; 5)Ümumtəhsil məktəbi: müəllim; 6)Birləşdirici bucaq-dəyərlər; 7)Məktəbəqədər təhsilə yaşıl işıq; 8)Təhsilin idarə olunması: sovet ənənəsi hələ də yaşayır! 9)1951-ci ildən baxış: SSRİ və onun aqibəti; 10)Stabillik, yoxsa inkişaf; 11)Monitorinq: idarəetmənin müasirləşdirilməsində böyük addım; 12)Təhsil ilə irəliyə doğru! Hansı təhsil ilə? 13)Sovetdənqalma, yoxsa? 14)“Təhsil haqqında” Qanun: bir addım irəli, iki addım geri? 15)Qanun qəbul edildi. Təqdir olunsunmu?

 

Bu “dərslər”də  iştirak etməyə, onu yeni pedaqoji təfəkkür işığında dəyərləndirməyə və öyrənməyə  böyük ehtiyac var. Çünki bu dərslərin  strukturu, məzmunu  ənənəvi deyil, yenidir. Müəllif əsəri hazırlayarkən  Azərbaycan, rus, ingilis dillərində  təhsillə bağlı çoxlu mənbələrlə, milli və beynəlxalq ekspertlərin təhsillə bağlı hesabatları ilə tanış olub,  dünyanın tanınmış təhsilşünaslarından dərs alıb, Harvard Universitetində kurs keçib, “hər gizli xəzinədən bir dürr çıxardaraq” (Nizami)  mükəmməl bir tədqiqat əsəri ərsəyə gətirib.

 

Hesab edirəm ki,  dünya təhsilində baş verən yeniliklərlə tanış olmaq, özünü təkmilləşdirmək, ölkədə gedən təhsil islahatının mahiyyətini aydın dərk etmək istəyən hər kəs Asif müəllimin “dərslər”ində iştirak edəcək, bu kitab təhsil ictimaiyyətinin stolüstü kitabına çevriləcək. Kitab müəllifin 10 il əvvəl yazdığı məqalələr  əsasında formalaşdırılsa da, müasirliyi, yeniliyi, konseptuallığı və hədəflərin düzgün müəyyənləşdirilməsi ilə diqqəti cəlb edir.

 

Kitabın elmi redaktoru Ənvər Abbasovun təbirincə desək, bu kitab müasir düşüncənin, həmçinin operativ və strateji məsələlərə qeyri-standart yanaşmanın nəticəsi kimi meydana çıxmışdır. Orada olan faktlar, arqumentlər milli olduğu qədər də bəşəriliyi ilə diqqəti cəlb  edir.

 

Kitabın digər bir orijinallığı əlyazmasına verilən rəylərdən qısa çıxarışların verilməsidir. Xarici ədəbiyyatlarda çoxdan ənənə halını alan bu yanaşma kitab haqqında ilkin təsəvvürün yaranmasında böyük rol oynayır. Professor Hikmət Əlizadənin fikrincə, bu kitabda Azərbaycan təhsilində baş verən dəyişikliklərin retrospektiv  mənzərəsi verilmişdir.  Təhsil nazirinin müşaviri, fəlsəfə doktoru Elnur Nəsibov isə  “dialoqlar formasında yazılan, maraqlı təşəbbüslərlə zəngin olan”   bu kitabı “müəllifin özünün  təhsilin inkişaf  xəritəsi” hesab edir.  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, fəlsəfə doktoru Mehriban Vəliyeva “pedaqoji elmə və təcrübəyə dəyərli töhfə”, Təhsil Nazirliyinin sektor müdiri, fəlsəfə doktoru Cəsarət Valehov isə “təhsilin bu günü və gələcəyinə yönəlik”  kitab kimi dəyərləndirirlər.

 

Əməkdar müəllim  Asif Cahangirovu  daha yaxından tanımaq, onun konseptual fikirləri ilə tanış olmaq üçün “Təhsilimiz: dünəndən sabaha. Optimistin baxışları” kitabını  oxumağa dəyər. Çünki bizim kimliyimizi oxuduğumuz kitablar  müəyyən edir. Qeyri-standart üslubda yazılan bu kitabın yeni nəsil təhsil tədqiqatçılarının pedaqoji təfəkkürünün və yazı zövqünün  formalaşdırılmasında, praktik müəllimlərimizin pedaqoji təcrübəsinin zənginləşməsində mühüm rol oynayacağı şübhə doğurmur.  

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi