Bu gün Azərbaycan qəhrəman şəhidlərini anır. Qazax rayonunun Daşsalahlı kəndində də Şəhidlər xiyabanı  son bir ildə ən izdihamlı günlərindən birini yaşayıb.  Kənd məktəbliləri Anım Gününə Qarabağ uğrunda döyüşlərdə canından keçən və Xiyabanda uyuyan 13 qəhrəman şəhidi ziyarətlə başlayıb. Kəndin şəhid adı daşıyan hər 2 məktəbi – Araz Əmilov adına 1 nömrəli və Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəblərin  şagirdləri şəhidləri bir anlıq sükutla anıb, müqəddəs şəhid ruhlarına dualar oxuyub, onlara həsr olunan şeirlər söyləyiblər.

 

“Zəfərə gedən yol təqvimin bu günündən başlayır”

 

1 nömrəli tam orta məktəbin şagirdləri- Fidan Qurbanlı,  Fidan Əmrahova, Nərmin Pirməmmədova, Ayan Nəbili,  Mətanət Güliyeva, Nigar Əliyeva hazırladıqları kompozisiya ilə çıxış ediblər.

 

Məktəbin təşkilati işlər üzrə direktor müavini Söylü Pirməmmədova məlumat verib ki, əvvəlcə ibtidai sinif şagirdlərinin iştirakı ilə məktəbdə anım tədbiri təşkil ediblər: “Məktəbimizdə ibtidai sinifdə təhsil alan 359 şagirdin iştirakı ilə çox geniş tədbir keçirdik. İstər hazırlıq prosesində, istərsə də bu gün şagirdlərimizin hər birinin  iştirakını təmin etməyə çalışdıq. Bununla bu günün əhəmiyyətini, tariximizdəki yerini onlara daha yaxşı çatdırdığımızı düşünürəm. Zəfərə gedən yol təqvimin bu günündən başlayır. Biz uşaqlarımıza məhz bunu anlatmağa çalışdıq”.

 

“Mən böyüyüm deyə onlar savaşıblar”

 

Şahin Cəbiyev adına 2 nömrəli tam orta məktəb də bu günə xüsusi hazırlaşıb. Aşaği sinif şagirdləri məktəbdə, yuxarı sinif şagirdləri isə Şəhidlər xiyabanında düzənlənən anım tədbirlərinə qatılaraq vətən uğrunda canından keçən qəhrəmanların ruhu qarşısında öz borclarını verməyə çalışıb, buna nail oublar da. Şerini ağlaya-ağlaya deyən Aytənin səsi hər kəsi göz yaşlarına qərq edib, Tunarın səsi  qəhrəmanlığa kökləyib.

 

Aytən Vəliyeva VI sinif şagirdidir: “Şeir deyərkən kövrəldim. Şəhidlərimizə minnətdaram. Onlar gənc yaşlarında həyatlarını bizim üçün qurban veriblər. Mən böyüyüm deyə onlar savaşıblar!”

 

Aytəndən fərqli olaraq, Tunar Nəsibov döyüş ruhundadır. Elə şeirini də hərbi formada təqdim edib: “Biz şəhidlərimizi anırıq. 44 günlük müharibədə kəndimiz bir şəhid verdi. Ancaq tək onu yox, bütün şəhidlərimizi andıq bu gün. Onların hər biri mənim qəhrəmanımdır. Mən də böyüyəndə onlar kimi qəhrəman olmaq istəyirəm. Hərbçi olacağam”. 

 

2 nömrəli tam orta məktəbdə Uşaqlar Birliyinin rəhbəri Reyhan Nəsibovanın sözlərinə görə, şəhidlərin xatirəsinə məktəbdə şagird və müəllimlər ağac əkiblər: “Məktəbimizin həyətində bu gün 120 ağac əkdik. 70 ağac şagirdlərimiz, 50 ağac da müəllimlərimiz əkdi. Məktəbimizdə 622 şagird təhsil alır. Ağac əkmək üçün bu gün əksəriyyəti məktəbdəydi. Bu prosesə hər biri canla-başla qatıldı. VIII-XI sinif şagirdləri şəhidlərə həsr olunan şeirlər söylədilər”.

 

Ümumiyyətlə, “27 sentyabr Anım Günü ilә bağlı Tәhsil Nazirliyinin müvafiq Tәdbirlәr Planı”na uyğun olaraq Qazax rayonunun bütün ümumtəhsil müəssisələrində anım tədbirləri təşkil edilib.  “Qalib Azәrbaycan xalqı və müzәffәr Ali Baş Komandan”  başlığı altında ayrı-ayrı təhsil ocaqlarında ağacәkmә aksiyaları, şəhid məzarlarına gülqoyma mәrasimlәri, şәhidlәrin ailәlәri ilә görüşlәr, әdәbi-musiqili kompozisiyalar vә digәr tәdbirlәr tәşkil olunub.

 

“Şәhidini tanı” aksiyası isə Vәtәn müharibәsi şәhidlәrinin cəmiyyətə tanıdılması məqsədi daşıyıb. Məktəblər üzrә şәhidlәrin şәkil vә adları әks olunan lövhәlәr hazırlanaraq, hәmin  tәhsil müәssisәlәrindә, vәtәndaşların mütәmadi ziyarәt etdiyi yerlәrdә yayılıb. Azәrbaycanda Vәtәn müharibәsinә dair virtual rәsm müsabiqәsi vә sәrgilәr tәşkil edilib.

 

Ruhiyyə