Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədar universitetin bir qrup gənc akademik və inzibati heyət üzvü ilə görüş keçirilib.

 

Görüşdə yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran MDU-nun rektoru Şahin Bayramov universitetin müasirləşməsi və dinamik inkişafında kollektivin gənc üzvlərinin rolundan danışıb.

 

Universitetin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən rektor gənc əməkdaşların fəallığını və təşəbbüskarlığını yüksək qiymətləndirib.

 

Ali məktəbin idarəçiliyində gənc kadrlara xüsusi önəm verildiyini vurğulayan Ş.Bayramov onların bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlərdən danışıb və yaradılan əlverişli imkanlardan daha fəal surətdə faydalanmağı tövsiyə edib.

 

Respublikanın ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanıldığını vurğulayan rektor yeni tədris ilində universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi və pedaqoji fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə qarşıda dayanan vəzifələri diqqətə çatdırıb və gənclərə uğurlar arzulayıb.

 

Görüş iştirakçıları MDU-da gənclərin hərtərəfli inkişafı üçün yaradılmış əlverişli təhsil mühitindən məmnun olduqlarını deyib, göstərilən yüksək diqqət və həssaslığa görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.