Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib.

 

Görüşə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlər qatılıb.

 

Mehriban Vəliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən Müharibəsində iştirak edən bütün müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan müəlliminin qarşısında duran ən mühüm vəzifələrdən birinin gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək olduğunu deyən İdarə müdiri onların qalib ordunun təmsilçisi kimi şagirdlərinin təkcə müəllimi yox, həm də canlı qəhrəmanı olduqlarını nəzərə çatdırıb.

 

M.Vəliyeva cəbhədə öz şücaəti ilə seçilən müəllimlərin bundan sonra tədrisdə də fərqli və yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinə inandığını bildirib. Qazanılan şanlı zəfərdən sonra ölkə qarşısında böyük hədəflər durduğunu deyən M.Vəliyeva bu işdə müəllimlərin üzərinə böyük missiya düşdüyünü diqqətə çatdırıb.

 

Vətən Müharibəsində iştirak edən müəllimlər BŞTİ tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Müharibə zamanı keçdikləri döyüş yolundan danışan müəllimlər qeyd edib ki, Azərbaycanın müdafiə potensialının formalaşması və hazırlıqlı gənclərin yetişdirilməsi baxımından müəllimlərin də qarşısında mühüm vəzifələr durur.

 

Sonda Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlər BŞTİ rəhbərliyi ilə xatirə şəkli çəkdiriblər.