Media nümayəndələri Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində


Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən sahələrdən biri də məktəbdənkənar təhsil müəssisələridir. Qeyd edək ki, hazırda Təhsil Nazirliyinin tabeliyində 143 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir ki,  bunlardan 67-si uşaq-gənclər inkişaf mərkəzi, 76-sı isə uşaq-gənclər idman-şahmat məktəbidir. Məktəbdənkənar təhsil müəssisələrində uşaq və gənclərin sayı 110 min nəfərdən çoxdur.

 

Ölkəmizdə fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrindən biri də Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzidir. Sentyabrın 30-da media nümayəndələrinin iştirakı ilə Mərkəzə mediatur təşkil edilib. Mediaturun əsas məqsədi mərkəzdə yaradılmış şəraitlə tanış olmaq, şagirdlərin məktəbdənkənar fəaliyyət çərçivəsində gördüyü işləri yaxından müşahidə etmək olub. Mediatur çərçivəsində iştirakçılar mərkəzdə dərnək üzvlərinin fəaliyyətini izləyib, əl işlərinə baxış keçirib, dərnək üzvləri və rəhbərləri ilə söhbət aparıblar.

 

Mərkəzdə 6000-ə yaxın uşaq və gənc müxtəlif növlər üzrə dərnək üzvləridir

 

KİV nümayəndələrinə məlumat verən Mərkəzin rəhbəri Firuzə Sultanzadə bildirib ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii yaradıcılıq, texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklər, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində komanda, təkmübarizlik, şahmat, dama olmaqla idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulub. Qeyd edilib ki, mərkəzdə 6000-ə yaxın uşaq və gənc müxtəlif növlər üzrə dərnək üzvləridir. Mərkəzdə məşğələlər Azərbaycan, ingilis və rus dillərində aparılır.

 

Firuzə Sultanzadə şagirdlərin mərkəzdəki dərnək və qruplara qeydiyyatı ilə bağlı prosedur qaydalardan da söz açıb: “2020-ci ildən etibarən Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qəbul üçün elektron qeydiyyat sistemi istifadəyə verilib. Sistemdən istifadə etmək istəyən şəxslər https://portal.edu.az linki üzərindən qeydiyyatdan keçməklə şagirdlərin meyl və maraqlarına uyğun idman və yaradıcılıq istiqamətləri üzrə seçim edərək, müxtəlif dərnək və qruplara üzv olmaq üçün müraciət edə bilərlər. Qeydiyyatdan keçən şəxslərə qəbul, dərnək və qrupların dərs cədvəli, tədrisin formatı, həmçinin digər məlumatlar müvafiq müəssisələr tərəfindən əlaqə saxlanılaraq bildirilir”.

 

Ekoloji biliklər, xüsusi bacarıq və səriştə

 

Mediatur zamanı mərkəzdə diqqətimizi çəkən dərnəklərdən biri də Ekoklub dərnəyi oldu. Dərnək rəhbəri Pərvin Əzizli bildirib ki, ekoklubda ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması əsas məqsədlərdəndir.  “Yaşıl Şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarətdir. Dərnək üzvlərinin bu sahəyə meyl və maraqlarının yüksək olduğunu da deyən dərnək rəhbəri keçirilən məşgələlərin səmərəliliyindən də danışıb.

 

Uşaqlar çox rahat və sərbəstdirlər

 

Mərkəzdəki rəsm dərnəyinin rəhbəri Cavid Dadaşov deyir ki, burada uşaqlar özlərini çox rahat və sərbəst hiss edirlər. Rəsm çəkməyin xüsusi istedad olduğunu deyən dərnək rəhbəri sənətin sirlərinin mərhələli şəkildə dərnək üzvlərinə öyrədildiyini diqqətə çatdırıb. 20 nəfərdən çox dərnək üzvünün olduğu dərnəkdə uşaqlar eyni zamanda sosiallaşırlar.

 

Avropa üçüncüsü

 

Mərkəzdə diqqət çəkən dərnəklərdən biri də taekvando dərnəyi idi. Dərnəyin rəhbəri Seymur Şahbazlı şagirdlərin respublikamızda və beynəlxalq arenalarda qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, dərnək üzvü Zəhra İsayeva Estoniyanın paytaxtı Tallin şəhərində uşaqlar arasında keçirilən Avropa çempionatında III yerə layiq görülüb. Dərnək rəhbəri yetirməsi Zəhra İsayevanın ölkə birincisi olduğunu da media nümayəndələrinə bildirib.

 

Dünya çempionatının qızıl mükafatçısı

 

Akrobatika dərnəyinin üzvü Aleksey Karataşov da öz fikirlərini media nümayəndələri ilə bölüşüb. O, 2019-cu ildə 11-12 yaşlılar arasında Tokioda keçirilən Dünya çempionatının qızıl mükafatçısıdır. Kiçik yaşlarından akrobatika ilə məşğul olduğunu deyən Aleksey artıq on ildir ki, dərnək üzvüdür. O, dərnəkdə mütəmadi olaraq məşğələlərin keçirildiyini deyərək, gələcək hədəflərindən də söz açıb.

 

Mediaturun sonunda “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsində qalib olanların mükafatlandırılma mərasimi keçirilib.

 

Niyazi RƏHİMOV