Bakı Slavyan Universitetinə (BSU) əcnəbi tələbələrin qəbulu yekunlaşıb. Əcnəbi vətəndaşların cəlb edilməsi məqsədilə bir sıra tədbirlər, o cümlədən onlayn  və oflayn müraciət sisteminin tətbiqi, 24 saat ərzində müraciətlərin Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırılması, qəbul haqqında məlumatın universitetin rəsmi səhifələrində və sosial şəbəkələrdə yerləşdirilməsi həyata  keçirilib.

 

BSU-dan bildirilib ki, ötən illə müqayisədə bu il ali məktəbə müraciət edən əcnəbi vətəndaşların  sayı 60 faiz artıb. 2021-2022-ci tədris ilində BSU-ya 13 xarici ölkədən 41 nəfər əcnəbi tələbə qəbul edilib. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən beynəlxalq müqavilələr əsasında  2 nəfər əcnəbi tələbə universitetə göndərilib. BSU-ya qəbul olunan 41 nəfərdən 10 nəfər hazırlıq şöbəsində, 22 nəfər 12 ixtisas üzrə  bakalavriat səviyyəsində, 9 nəfər isə 6 ixtisas üzrə magistratura səviyyəsində təhsil alacaq.

 

Qəbul olunan əcnəbi tələbələr  arasında Türkiyə, Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Macarıstan,Koreya, Çin, Türkmənistan, Fələstin, Çad, Hindistan və İndoneziya vətəndaşları var.