Prezident İlham Əliyevin oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümü münasibətilə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Oktay Əmrahov da iştirak edib. Onun ailəsi Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Xətai kəndi işğal edildikdən sonra məcburi köçkün düşüb, Bakı şəhərində məskunlaşıb.

 

2004-cü ildə Bakı şəhərində anadan olan Oktay Əmrahov BANM-in Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsidir. O, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 192 saylı orta məktəbin məzunudur. Qəbul imtahanlarında 646,4 bal toplayıb.

 

Prezidentlə görüşdən təəssüratlarını bölüşən BANM tələbəsinin sözlərinə görə, dövlət başçısı ilə görüşdə çox həyəcanlı olub: “Cənab Prezidentin sadəliyinə, səmimiliyinə, xoş rəftarına heyran oldum. O, hər kəslə səmimi şəkildə görüşdü, hamının fikirlərini dinlədi. Mən də dövlət başçımıza yaxınlaşıb salam verdim və Bakı Ali Neft Məktəbinin tələbəsi olduğumu bildirdim. Prezidentimiz də tələbələrə salam söyləməyimi dedi. Cənab Prezidentdən  xoş sözlər eşitmək həm mənim, həm də ali məktəbimiz üçün böyük qürur hissidir”.

 

BANM-i seçməyindən də danışan Oktay Əmrahov bildirib ki, bu seçimində kimya müəlliminin tövsiyəsi böyük rol oynayıb. Onun məsləhətindən sonra bu ali məktəbdə Neft-qaz mühəndisliyi ixtisasına daxil olmağı hədəf seçib və yüksək nəticə göstərərək istəyinə nail olub.