Sumqayıt Dövlət Universitetində (SDU) “Azərbaycan Respublikası 1991-2021: dövlət müstəqilliyinin bərpası, iqtisadi və sosial-mədəni inkişafı” mövzusunda Respublika elmi konfransı başlayıb.

 

Konfransda  universitetin professor-müəllim heyəti ilə yanaşı, qonaq qismində millət vəkilləri- Qafqazşünaslıq İnstitutunun direktoru  Musa Qasımlı, professor Hikmət Baba oğlu,  Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika  kafedrasının müdiri, professor Anar İsgəndərov və respublikanın tanınmış tarixçi alimləri iştirak ediblər.

 

SDU-nun rektoru , professor Elxan Hüseynov tarixi zəfərimizdən, müstəqilliyimizdən və konfransın əhəmiyyətindən danışaraq bildirib ki, 2021-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

 

Millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı “30 ilin başlıca yekunları və perspektivlər” mövzusunda məruzə edərək müstəqillik gününün əhəmiyyətindən danışıb.

 

SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində Heydər Əliyev siyasəti” mövzusunda çıxış edib,  Ümummilli liderin çoxşaxəli fəaliyyətindən,  Azərbaycanın inkişafı, müstəqilliyin qorunması və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.

 

Millət vəkili, professor Hikmət Baba oğlu “Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetləri və əldə olunan nəticələr” mövzusundakı məruzəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində ümummilli liderdən bizə miras qalmış müstəqil dövlətimizin daha da möhkəmləndiyini vurğulayıb.

 

Millət vəkili, professor Anar İsgəndərov  44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı qələbədən danışıb. Qeyd edib ki, Azərbaycan Ordusunun peşəkarlığı, orduda yüksək nizam-intizam, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı döyüşlərdə öz sözünü dedi:” Zəfərlə başa çatan Vətən müharibəsində kimin dost, kimin düşmən olduğunu açıq-aşkar gördük. Nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı, aldığımız dəstəklər gücümüzə güc qatdı”.

 

Konfrans öz işini 4 bölmə üzrə iki gün davam etdirəcək.