Məltəm Sultanova: “Mənim sevimli müəllimim, zəhmətini hədər etmədim”


Keçənilki Respublika fənn olimpiadalarında Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Cəbrayılovun ikincilik uğuru bu il şəhər  M.Nəzirov adına 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məltəm Sultanova tərəfindən ən üst pilləyə daşınmaqla davam etdirildi. Belə ki, Məltəm Sultanova Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə birincilik qazanaraq qızıl medalın sahibi oldu.

 

Qalibiyyəti ilə rayon təhsil işçilərinin, demək olar ki, bütün rayon ictimaiyyətinin özünü görməsə də, adından tanıdığı Məltəmi daha yaxından tanıtmaq üçün onunla həmsöhbət olduq.

 

- Məltəm, səni tanıyaq.

 

- Mən - Sultanova Məltəm Şabran rayonunda sadə bir ailədə anadan olmuşam. Hazırda şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə oxuyuram. Ailədə iki uşağıq, qardaşım azyaşlıdır.

 

- Məltəm, Respublika fənn olimpiadalarının qalibi oldun. Bununla bağlı duyğularını, təəssüratlarını bizimlə bölüşməni istərdik.

- Olimpiada birincisi olduğuma görə özümü çox xoşbəxt hiss edirəm. Mənimlə yaşıd olan çox şagird arasında birinci yerə layiq görülməyim məni çox sevindirdi. Bu xəbəri eşidəndə özümü dünyanın ən xoşbəxt insanı hesab edirdim. Əslində indi də o hiss qalır. Çünki müəllimlərimin, valideynlərimin və özümün  zəhmətim bəhrəsini vermişdi. Təbii ki, bu uğuru qazanmaq o qədər də asan deyildi. Buna görə bir çox insanlar mənə kömək etdi.

 

- Kimlər sənə daha çox dəstək oldu?

- İlk olaraq Osman müəllimin adını qeyd etməliyəm. Mənim sevimli coğrafiya müəllimim, mənə coğrafiyanı sevdirən, onun dərinliklərini öyrədən Osman müəllim. Daha sonra valideynlərim, digər müəllimlərim, xüsusən ibtidai sinif müəllimim, sinif yoldaşlarım, dostlarım - onlar mənə çox stimul verirdilər.

 

- Sənin üçün “sevimli müəllim” anlayışının altında əsas nələr var?

- Bunu elə Osman müəllimin timsalında izah etmək istərdim. Osman müəllimin dərsi həvəslə öyrətməsi ilə yanaşı, şagirdlərinə bir valideyn kimi münasibət bəsləməsi onu mənə daha çox sevdirir. Fikrimcə, yaxşı müəllim öz peşəsini, şagirdlərini, iş yerini, tədris etdiyi fənni sevməlidir. Heç bir insan sevmədiyi işi yaxşı görə bilməz. Heç bir müəllim özünün sevmədiyi fənni şagirdinə sevdirə bilməz. Ona görə də mənə görə, peşəsini sevən və dərindən bilən hər müəllim sevimli müəllimə çevrilə bilər.

 

- Digər fənlərdən də nəticələrinin yüksək olduğunu bilirik. Kitablara, oxumağa həvəsin haradan qaynaqlanır?

- Hə, bacardıqca bütün fənləri dərindən öyrənməyə çalışıram. Bunu böyük maraq və həvəslə edirəm. Bu həvəsin qaynağı isə...

 

Çox vaxt uşaqlar öz valideynlərini, hansısa qohumlarını, tanışlarını örnək götürürlər, onlar kimi olmaq istəyirlər. Mən də öz valideynlərimi örnək götürmüşəm. Amma onlar kimi olmaq üçün yox, onlar kimi olmamaq üçün (oxumaq barədə təbii ki). Mənim valideynlərim sadə və yaxşı insanlardır, amma təhsilləri yoxdur. Təhsilsiz insanların qarşılaşdıqları çətinliklər mənim gözümün önündə olub. Anam həmişə deyir ki, mən oxuya bilməmişəm, amma sən oxu, təhsilli ol.

 

Bir də ki, kiçik yaşlarımdan bəri şagirdlərin yüksək ballarla universitetlərə qəbul olduqlarını, bilik yarışlarında nailiyyət əldə etdiklərini görəndə öz-özümə bir sual verirdim: “Axı niyə mən də qazanmayım?!”.

 

Özümə verdiyim bu sual və anamın öyüdü mənim oxuma həvəsim üçün əsas qaynaqdır.

 

- Məltəmə görə uğur formulu necədir?

- Uğura nail olmaq üçün qarşına məqsəd qoymalısan. Uğurda məqsəd əsas rol oynayır. Qarşısına məqsəd qoyan insan istəyinə çatmaq üçün çalışıb-vuruşur, əlindən gələni edir.

 

Həm də uğur üçün ətraf düzgün olmalıdır. Götürək elə dostları. Yaxşı dostlar insanı yaxşı yola, pis dostlar insanı pis yola aparıb çıxarır. Məsələn,  bu qələbəni qazanmaq üçün dostlarım mənə çox stimul verib. Onlar həmişə mənə “Sən qalib gələcəksən” dediklərində, özümə olan inamım daha da artır, daha da güclənir, daha çox diqqətimi hədəfimə cəmləyirdim. Valideynlərimin inamı, dəstəyi. Və hər uğur formulunun içində bir “Osman müəllim” var məncə (gülür). O obraz ki, tənbəlliyin tutanda, yorulanda da ağlına gələn kimi hamısını unudub yalnız oxumağa yönəlirsən. Axı o sənə inanır. Bu inam və güvəni itirməyi heç cür gözə ala bilmirsən və özünü doğrultmaq üçün hər gün daha çox çalışırsan.

 

- Bu olimpiada sənin yaddaşında xoş xatirələrlə və duyğularla dərin bir iz qoyub. Hələ də bu xoş hisslərin təsirindəsən. Bəs növbəti olimpiadalarda necə, iştirak etmək istərsənmi?

- Bu olimpiada mənim üçün xoş xatirələrlə yadda qalmaqla bərabər, dərslərimə olan marağımın artmasına da səbəb oldu.

 

Növbəti olimpiadalarda iştirak isə, hə, əlbəttə, artıq indidən hazırlaşıram.

 

İndi yay tətilidir, artıq yeni tədris ilindən X sinif şagirdi olacağam. İstirahət etməklə yanaşı, dərslərlə də məşğul olmaq lazım olduğunu bilirəm. Müəllimlərimin dediyi kimi: “Arxayın düşmək olmaz” (gülür).

 

- Bəs, əsasən, hansı istiqamətə hazırlaşırsan, gələcəkdə nəçi olmaq istəyirsən?

- Əsas arzum diplomat olmaqdır. Bu istiqaməti seçməkdə əsas məqsədim ölkəmi başqa ölkələrdə təmsil etmək, adət-ənənələrimizi, milli dəyərlərimizi, ən əsas da tarixi həqiqətlərimizi tanıtmaqdır.

 

- Bizə artıq arzularını gerçəkləşdirdikdən sonra əsas səhnəni təsvir edə bilərsənmi?

- Biz Osman müəllimin əlavə məşğələlərində olanda tez-tez şahidi olduğumuz, onun indi tələbə olan, ya da müxtəlif sahələrdə işləyən yetirmələrinin onu görməyə gəlməsidir.

 

Hər dəfə onları gördükdə mən də özüm üçün eyni səhnəni təsəvvür edirəm.

 

“Mənim sevimli müəllimim, zəhmətini hədər etmədim. Budur, qarşındayam, artıq həyatda öz yerimi tutmuşam. Və səni heç unutmamışam. Qazandığım hər şey üçün sənə borcluyam” ifadəsi ilə...

 

Gülər HÜSEYNOVA,

Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi