Bakıdakı Heydər Əliyev adına liseydə  Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı liseyin Şəhid məzunu Cavid Manafovun ailə üzvləri, Vətən müharibəsi iştirakçısı, döyüşçü Xəqani Orucov, Xətai Rayon İcra Hakimiyyətinin, KİV nümayəndələri, ziyalılar və digər şəxslər iştirak edib.

 

Öncə iştirakçılar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

Tədbiri giriş sözü ilə açan liseyin direktoru Sevinc Orucova qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasəti, güclü iradəsi, rəşadətli Azərbaycan Ordusunun və igid oğulların 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığı nəticəsində düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edilib. S.Orucova bu şanlı qələbə yolunda canlarından keçən bütün şəhidlərimizin qarşısında baş əydiyini, qazilərimizə Allahdan şəfa dilədiyini bildirib.

 

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı Xəqani Orucov müharibə ilə bağlı xatirələrini iştirakçılarla bölüşüb. O, Müzəffər Azərbaycan Ordusunun, igid oğullarımızın qəhrəmanlıq salnaməsindən danışıb.

 

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, “Zəfər tarixi” dərsliyinin müəlliflərindən-liseyin tarix müəllimi Hafiz Cabbarov da tədbirdə çıxış edərək həmin günlərlə bağlı təəssüratlarını bölüşüb.

 

Daha sonra liseyin şagirdlərinin ifasında şeirlər, musiqilər səslənib. Azərbaycan Ordusunun qəhrəmanlıqlarını əks etdirən videoçarx nümayiş edilib.            Tədbirin sonunda iştirakçılar liseyin Şəhid məzunu Cavid Manafovun həyat və döyüş yolunu əks etdirən “Cavid otağı” ilə tanış olub.

 

Niyazi RƏHİMOV